18:49 22 Fevral 2021 235
Ana səhifə Xəbərlər

20 yaşlı Sevilin intiharının izi ilə... - ARAŞDIRMA

Bir neçə gündür sosial şəbəkələrdə 20 yaşlı Sevil Atakişiyevanın paytaxtın Xətai rayonundakı çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı müzakirələr səngimir.

APA TV-nin çəkiliş qrupu hadisənin səbəblərini araşdırmaq və valideynlərini dinləmək məqsədilə əvvəlcə Sevilin intihar etdiyi binanın həyətinə baş çəkib.

Gördüyünüz bu binanın sonuncu blokundan içəri girən Sevil 20-ci mərtəbədən özünü ataraq intihar edib. Blok pultla idarə olunmasına baxmayaraq, daxil olmaq üçün qapıdan asılan domofon işlək vəziyyətdə deyil. Qapı açıqdır. İçəri girib istənilən mərtəbəyə qalxmaq olar.

Həyətin giriş qapısında mühafizəçi olsa da, binanın komendantı gözümüzə dəymədi. Ancaq giriş qapısında “Bina kamera nəzarətindədir” adlı lövhə vardı. Sevilin intihar kadrları da məhz bu kamera vasitəsilə lentə alınıb.

Sevil Atakişiyeva “FİAT” markalı gördüyünüz bu maşının üzərinə düşüb. Avtomobilin qabaq şüşəsi və təkəri sıradan çıxıb. Sevilin isə bədənində 12-dən artıq sınıq və qırıq əlamətləri olduğu bildirilir.

Daha sonra Sevilin doğulub boya-başa çatdığı Binə qəsəbəsinə baş çəkdik. Həyət qapıları bağlıdır. Doğmaları ilə görüşmək üçün bir müddət gözləsək də, görüş baş tutmadı. Yaxınlarından aldığımız məlumata görə, artıq Sevilin valideynləri media nümayəndələri ilə görüşməyəcəklərini bildiriblər. Onların hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını və məhz bundan sonra mətbuata açıqlama verəcəklərini deyiblər.

Kamera qarşısına çıxmaq istəməyən Sevilin valideynləri və nənəsi şifahi olaraq bildirdilər ki, Sevil ailənin ilk övladıdır. Ailə əslən Bakının Nardaran kəndindəndir. Ailənin tək qız övladı olan Sevil Atakişiyevanın yaşca balaca qardaşı birinci qrup əlilidir, digərinin isə 10 yaşı var.

Nənəsinin sözlərinə görə, Sevillə onun ailəsi arasında heç bir ciddi problem olmayıb. Sevil ali təhsil alması ilə bağlı arzusunu ilk olaraq ilk atasına bildirib. Atası da ali təhsilli olduğundan, qızının bu arzusuna qarşı çıxmaq istəməyib. Ailəsinin dəstəyi ilə orta məktəbin yuxarı sinfindən universitet hazırlıqlarına başlayıb. Sevil 550 balla daxil olduğu Azərbaycan Turizm və Menecmentlik Universitetinin ikinci kurs tələbəsi olub. Onun təhsil alması üçün valideynləri hər cür şərait yaradıblar.

Anası qızının ailədə heç bir şiddətlə üzləşmədiyini dilə gətirsə də, müsahibə verməkdən imtina etdi: “Mən balama yas saxlayıram, danışmağa sözüm yoxdur. Bircə onu deyə bilərəm ki, biz onun arzularına qarşı çıxmamışıq . Qızımın ətrafında olan Rəşad və Tükəz adlı dostlarından soruşun hadisənin əsl səbəblərini”.

Sevilin anasının adını çəkdiyi Rəşadla telefon əlaqəsi saxladıq. Hadisə ilə bağlı artıq Xətai Rayon Prokurorluğunda izahat verdiyini deyən Rəşad da müsahibədən imtina etdi.

Daha sonra Sevil Atakişiyevanın nişanlısı Pünhanla əlaqə saxladıq. Pünhan da istintaqa hadisə ilə bağlı lazımı ifadəni verdiyini deyərək, media ilə görüşmək istəmədiyini bildirdi.

Sevilin ailəsi ilə bağlı daha ətraflı məlumat almaq üçün qonşuların qapısını döydük. Sevilin atası Samir Atakişiyevin bibisi oğlu Zeynal Əsgərovla görüşdük. 59 yaşlı müsahibimiz dedi ki, Atakişiyevlər ailəsi uzun illərdir bu məhəllədə yaşayır. Ailə ilə yaxın qohumluqları da var, hətta Sevil Atakişiyeva Zeynal Əsgərovun qızı ilə iki öncəyə qədər yaxın rəfiqə olub, sonra onun qızı ailə qurduğundan qızlar arasında münasibət olmayıb: “Heç kim inanmır. Ata-ana da inanmır, heç kim inanmır ki, Sevil belə bir addım atıb. Bax, onu oxutdurdular, xərc qoydular. Allaha and olsun, valideynləri onu borcla oxudublar. Həmin gün Sevili atası özü aparıb şəhərə, deyəsən, ya rəfiqələri ilə görüşəcəkmiş, ya da nişanlısı ilə. Saat 5-6 arası atasına zəng edib ki, rəfiqəm işdən 6-da çıxacaq, mən onunla gələcəm, saat 8 üçün evdə olarıq. Vəssalam. Samir mənim dayım oğludur, Sevil də yaxşı uşaq idi. Mənim qızım 2016-cı ildə gəlin köçüb. Ona qədər hər gün bir-birinin evində olublar. İndi də münasibətlərimiz yaxşıdır. Ailəsi ilə münasibətləri yaxşı olub, ona artıq söz deyən olmayıb”.

Yaxın qonşu və qohum olsalar da, Sevilin rəfiqəsinin nişan mərasiminə qatılmayıb. Zeynal Əsgərov deyir ki, ailənin hazırda maddi durumu da yaxşıdır. Atası işləyir və ailəsini normal dolandırır. Onun sözlərinə görə, Sevilin nişanlısı Pünhan onun rəfiqəsinin qardaşı olub. Bir-birini sevən gənclər ailələrinin razılığı ilə nişanlanıblar.

Araşdırmalarımız zamanı onu da öyrəndik ki, Sevilin atası Samir Atakişiyevin ikinci ailəsi var və bu səbəbdən valideynlər arasındakı münasibətlərdə gərginlik yaşanır.

Hadisənin səbəblərini Xətai rayon Prokurorluğu araşdırır. Bəzi sosial şəbəkə səhifələrində Sevil Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb. Gənc qız yazışmalarında ailəsi tərəfindən təhqiramiz ifadələrə məruz qaldığı, bu basqı səbəbindən də sıxıldığını yaşamaq istəmədiyini bildirib. Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov bildirib ki, yayılmış foto və məlumatlar üzrə prokurorluqda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.

Sevinc Vaqifqızı

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın