05:20 19 Oktyabr 2019 138
Ana səhifə Xəbərlər

18 yaşlı qız Kürə düşdü, gənc qayıqçı xilas etdi

Gənc qayıqçı suda boğulan 18 yaşlı qızı xilas edib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirdə Kür çayında baş verib.

Yevlax rayon sakini, hazırda Mingəçevirdə yaşayan 2001-ci il təvəllüdlü Gülüstan Qasımova naməlum şəraitdə Kür çay üzərindəki nəqliyyat körpüsündən çaya düşüb və boğulma təhlükəsi ilə üzləşib. Ətrafdakıların qışqırtısına ilk reaksiya verən Kür çayında gəzinti qayığının qayıqçısı Xəyal Ağayev olub. O, dərhal mühərrikli kiçik həcmli qayığını hadisə yerinə çatdıraraq suya atılıb. Məhz onun çevikliyi sayəsində tamamilə batmaq üzrə olan gənc qızın həyatı xilas edilib.

Daha sonra onlara FHN-ə məxsus xilasetmə qrupu yaxınlaşıb. Huşsuz vəziyyətdə xilas edilən qıza FHN əməkdaşları dərhal qayıqdaca ilkin yardım göstərib və qız ölüm təhlükəsini adladıb. Daha sonra sahilə çıxarılaraq həkim briqadasına təhvil verilib.

Xəstəxanadan verilən məlumata görə, Gülüstan Qasımovanın durumu artıq stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın