23:20 28 Sentyabr 2019 48
Ana səhifə Xəbərlər

17 dəfə intihara cəhd edən şəxs: “Anama deyiblər ki, qızı ona verərik”

Arzular... İnsanın həyatda yaşamaq stimuludur arzular... Ona çatmaq üçün ömrünün sonunadək çalışanlar da var, arzu ilə yaşayanlar da. Elə mənim qəhrəmanım kimi. Əgər xəstəliyi olmasaydı, bəlkə də arzuları daha tez reallaşacaqdı. Ali musiqi təhsili var. Gözəl zövq sahibidir. Burda hamı onun digərlərindən fərqli olduğunu deyir. Həyat doludur. Həkimlərini, onun qayğısına qalan tibb bacılarını öz doğmaları qədər sevir.

Uşaq yaşlarından məşhurluq arzusundadır - tanınsın, xeyriyyəçi kimi hər kəsə yardım edə bilsin, hamı da ondan danışsın.

Həmsöhbətimin 39 yaşı var. Gözəl geyinməyi, yaraşıqlı görünməyi xoşlayır: “Həkimlərim ağ və narıncı rəngi sevirlər, ona görə mən də həmişə belə geyinirəm. 2007-ci ilin iyun ayından burdayam. Amma düz 19 ildir epilepsiya və şizofreniyadan əziyyət çəkirəm. Hərbi xidmətdən qayıtdıqdan sonra Psixiatriya Xəstəxanasına yerləşdirildim. Düz 17 dəfə özümə qəsd etdim, yəni intihar etmək istəmişəm. İndi evə gedə bilərəm, bir az düzəlmişəm. Amma gedə bilmirəm. Çünki burda rahat oluram”.

Evdə rahatlıq tapmadığını deyir həmsöhbətimiz: “Anam, atam və bacılarım var. Böyük nəsildənəm. Ailə qurmamışam. Amma həkimlər məsləhət görüb ki, ailə qurum. Ancaq həkim nəzarəti olmasa, mənim üçün həmişə çətin olacaq. Hə, ailə qurmaq istədiyim xanım var, danışmıram, tanımıram. Amma anama deyiblər ki, siz gəlsəniz, biz qızımızı verərik”.

Ömrünü Sәhiyyә Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xәstәxanasında keçirmək məcburiyyətində olan sakinlərdəndir. Digər xəstələrdən fərqli olaraq, gözəl rəsm çəkir, xəstəxana daxilində keçirilən tədbirlərdə aparıcılıq edir, aktyorluq qabiliyyəti də var: “Televiziyanı sevirəm. Aktyorluq edirəm. Mənə rol verilməyəndə küsürəm. Xasiyyətim belədir”.

Ruhi xəstəlikdən əziyyət çəksə də, burada özünü yalnız hiss etmədiyini dilə gətirən Emin deyir ki, müalicəsiz yaşamağı heç düşünmür: “Şübhələrdən əziyyət çəkirəm. Mən epilepsiyam tutanda 40 dəqiqə özümə gələ bilmirəm. İnsanlar arasında olanda sıxılıram. Hamıdan şübhələnirəm. Hər hissi təkrar-təkrar yaşayıram”.

Arzularına gəlincə...

“İstəyirəm hamı məndən danışsın. Xeyriyyəçi olum. Məşhədə getmişəm. 2007-ci ilin fevral ayında. Namaz da qılıram, qıcolmam bir az qalıb. Anam niyyət edib ki, burdakı həkimlərin hamısı mənim toyumda iştirak eləsin”.

Bu divarlar arasında haray çəkən, daxili hıçqırıqlarını yalnız özləri eşidən neçə insan yaşayıb. Burada əzizləri üçün darıxanlar lap çoxdur. Onları burda tək qoymayan dostları, qohumları, ən əsası hər qayğılarını çəkən tibbi heyət də var. Emin kimi həyatı olanları da var, inciyib küsənləri də. Ruhi xəstələr arasında çox bacarıqlı, istedadlı pasientlər də var. Burada onların bacarıqlarının üzə çıxması, vaxtlarının daha səmərəli keçməsi üçün şərait də yaradılıb. Bütün bunlar gözəldir, bircə gözü yolda qalanların suallarını cavablandırmaqdan başqa...

Sevinc Vaqifqızı, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın