12:40 05 Noyabr 2019 149
Ana səhifə Xəbərlər

10-cu mərtəbə 11-ci mərtəbəyə necə çevrildi? – BİR ŞİKAYƏTİN İZİ İLƏ

Bakıda daha bir vətəndaş evinin əlindən çıxması təhlükəsi ilə üzləşib.

APA TV-nin xəbərinə görə, Xətai rayonu, Gəncə prospekti, 29/35, ev 68-də yaşayan Ramin Əsədzadə 2012-ci ilin dekabrında qanuni qaydada ev alıb.

Bir müddət sonra Pərviz Quliyev adlı şəxs onu məhkəməyə verərək, evə iddiaçı olduğunu bildirib. Ramin Əsədzadə aidiyyəti qurumlara şikayət etsə də, nəticə hasil olmadığından, çıxış yolunu məsələni ictimailəşdirməkdə görüb: “2012-ci il dekabrın 2-də bir otaqlı ev almışam. Sənədlərim tam qaydasındadır. Pulunu da tam ödəmişəm. Bütün sənədlər də qaydasındadır. Bu, MTK-nın verdiyi çıxarış, bu, MTK-nın hazırda verdiyi arayış (həqiqətən də orda yaşadığına dair sənəd), bu, mənim maliyyə arayışım – tamamilə pulun hamısını bir dəfəyə ödəmişəm, bu isə mənim pulumu tam ödədiyim haqqında müqaviləm və birinci blok, 68 nömrəli mənzildə yaşadığım haqqında müqaviləmdir. Bu da şirkət rəhbərliyinin və mühasibin imzası və möhürləridir. Mənim evimdə heç bir problem yoxdur”.

Ramin Əsədzadə deyir ki, Pərviz Quliyev əvvəlcə binanın 12 və 11-ci mərtəbəsində yaşayan sakinləri məhkəməyə verib. Məhkəmə iddiaları rədd etdikdən sonra binanın 10-cu mərtəbəsində yaşayan Ramin Əsədzadənin evinə iddiaçı olub: “10 ay olar ki, Xətai Rayon Məhkəməsindən zəng gəldi ki, sizi məhkəməyə veriblər. Getdim məhkəməyə. Gördüm ki, Quliyev Pərviz Qaryağdı oğlu mənim evim haqqında iddia qaldırıb ki, ev mənimdir və boşaldılmalıdır. Mən bu şəxsi ilk dəfədir görürəm, tanımıram. Əvvəlcə getdim MTK-dan maraqlandım ki, bu kimdir. MTK da heç tanımadı. Dedilər əvvəllər burdan ev alıb. Maliyyə arayışı yoxdur. 12-ci mərtəbədən ev götürüb, lakin keçmiş MTK rəhbərliyi saxta sənədlərlə ev verib. Maliyyə arayışı da yoxdur. Xətai rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə ekspertiza təyin elədi. Baxmayaraq ki, Quliyev Pərvizin əlində mənim evimə aid heç bir sənədi yoxdur”.

Xətai rayon Məhkəməsi Ədliyyə Nazirliyinin ekspertizasının əməkdaşı Xəyyam İsgəndərovu evə rəy bildirməsi üçün təyin edib. Zərərçəkmiş qeyd edir ki, Xəyyam İsgəndərov vəkili vasitəsilə ondan 4000 manat pul istəyib: “Ədliyyə Nazirliyinin eksperti Xəyyam İsgəndərov məhkəmə tərəfindən təyin olundu. Gəldi mənzili ekspert elədi. Vəkilim vasitəsilə məndən 4000 manat pul istədi. Dedim ki, bu pulu verə bilmərəm. Yoxumdur da, heç verə də bilmərəm. Nəyə görə verim? Çünki mən 10-cu mərtəbədə yaşayıram. Sənədlərimdə də 10-cu mərtəbə qeyd olunub. Yeddi qonşu yaşayırıq. Lifti basıb gedirik 10-cu mərtəbə. Bu necə olur? Analoqu olmayan bir hadisədir”.

Zərərçəkmişin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Xəyyam İsgəndərov ekspertiza rəyində 68 nömrəli mənzillə yanaşı, 70 nömrəli mənzilin də 10-cu mərtəbədə yerləşdiyini qeyd edib: “Siz indi Ədliyyə Nazirliyinin eksperti Xəyyam İsgəndərovun savadsızlığına baxın. Mənim yaşadığım 10-cu mərtəbəyə rəy verdi ki, bura 11-ci mərtəbədir. Saxtakarlığa baxın. Heç bir əsası əlində yoxdur. Mənim yan qonşuma da eyni əsasla iddia qaldırmışdılar. Həmin Xəyyam İsgəndərov gəlib, həmin evə gerçəkdən də düzgün rəy verib. Bu qonşumun sənədidir (70 nömrəli mənzilin). Yazılıb ki, liftin düyməsini nəzərə alaraq, mənzil 10-cu mərtəbə də yerləşir. Ekspertiza idarəsinin də möhürünü vurub. Altı ay keçəndən sonra mən buna pul vermədiyimə görə qonşuma yazdığı rəyi mənim evimə yazmayıb”.

Xətai rayon məhkəməsi qarşı tərəfin əlində heç bir sənəd olmadığına görə iddianı rədd edib və yalan iddiaya görə 100 manat məbləğində cərimə edib: “Prinsip olaraq Xətai Rayon Məhkəməsi mənzili 10-cu mərtəbədə olduğunu təsdiq elədi. Məhkəmə bu şəxslərin iddiasını rədd elədi ki, belə bir şey ola bilməz. Gördüyünüz kimi, bu Xətai, Rayon Məhkəməsinin qətnaməsidir. İş mənim xeyrimə başa çatdı. Eyni zamanda qarşı tərəf yalan iddia qaldırdığına görə 100 manat cərimə olundu”.

Bundan sonra Pərviz Quliyev Apellyasiya Məhkəməsinə şikayət verib. Ramin Əsədzadənin qara günləri də bundan sonra başlayıb: “Apellyasiya Məhkəməsinin hakimi Raqif Qurbanov Xəyyam İsgəndərovu məhkəməyə dəvət elədi. O, bir cümləni düz-qoş edib deyə bilmədi. Çünki saxta rəy verib axı. Raqif Qurbanov qərar qəbul etdi ki, ev boşaldılsın. Ali Məhkəməyə şikayət verdik, hakim Vəfaddin İbayev də qərarı qüvvədə saxladı. Hansı hüquqşünasa göstərirəm, təəccüblənir. Mən işi Konstitusiya Məhkəməsinə verməyə hazırlaşıram. İnşallah Konstitusiya Məhkəməsində ədalətli qərar verilər və Ali Məhkəmənin qərarı ləğv edilər. Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın qəbulunda oldum. O da sağ olsun, Ali Məhkəmənin Plenumuna məktub göndərib ki, çox ciddi araşdırılsın və məsələ ictimailəşsin”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin adı çəkilən əməkdaşı Xəyyam İsgəndərovla əlaqə saxladıq. Xəyyam İsgəndərov suallarımızı cavablandırmaqdan imtina edərək telefonu söndürdü. Daha sonra iddiaçı tərəf Pərviz Quliyevlə telefon əlaqəsi saxladıq. Qarşı tərəf bildirir ki, Ramin Əsədzadəni məhkəməyə verməmişdən öncə özü məhkəməyə verilib:

- Sizin Ramin Əsədzadənin evinə hər hansısa bir sənəd varmı?

- Əlbəttə, müqaviləmiz var. Bizim rəsmi müqaviləmiz var.

- Yəni MTK tərəfindən verilmiş rəsmi müqavilə?

- Bəli rəsmi müqavilə. Müqaviləmiz, ödəniş kağızlarımız.

- Maliyyə qəbziniz də var?

- Bəli.

- Amma qarşı tərəf iddia edir ki, bu ev mənə aiddir. 7 ildir ki, bu evdə yaşayıram. Sizin əlinizdə də heç bir rəsmi sənədin olmadığını bildirir. Qarşı tərəf belə iddia edir.

- Biz bunu öz başımızdan məhkəməyə verməmişik ki. Əlimizdə sənəd var. Bizim özümüzü Əsədzadə Ramindən qabaq məhkəməyə veriblər. Bizim yaşadığımız mənzil 12-də deyil, 11-də yerləşir. Məhkəmə də sübut etdi ki, bura həqiqətən də 11 deyil, 12-ci mərtəbədir. Bizim mənzili əlimizdən aldılar. Daha sonra biz Əsədzadə Ramini məhkəməyə verdik ki, sizin mənziliniz 10-cu mərtəbə deyil, 11-ci mərtəbədir. Proses də bu cür davam elədi. Hazırda da 11-ci mərtəbəyə dair müqaviləm var, ödəniş kağızlarım var. Ekspertin rəyi də ortalıqda.

Mübahisəli mənzilin yerləşdiyi binanı tikən “Xətai 6” MMC-nin sədri Ayxan Qocayevlə də əlaqə saxladıq: “Binanın yaşayışı 14, qeyri-yaşayışı 12 mərtəbədir. Hökmündə də var binanı fundamentdən tikən Kazımın. Sonradan Kazım tutulanda Əkbər adlı şəxsə etibarnamə verdi ki, mənim işlərimi gör. Yəni biz 2006-dan alanlar kvadratına 100 manatdan ödədik ki, bina yarımçıq qalmasın. Yeyinti olmuşdu. Kvadratına 100 manatdan yığdı ki, zərərçəkmişlərin problemi həll olunsun. Daha sonra bu Əkbər gələndən sonra bu mərtəbəni bir mərtəbə sürüşkən yerləşdirdi. Mövcud vəziyyətdə bina 10 mərtəbədir. Biz də məhkəməyə izahatımızda qeyd etmişik ki, möhtərəm hakim, mövcud vəziyyət budur. Bina 12 mərtəbə deyirsizsə, 12-si də yerindədir. 2 mərtəbəni də əlavə edirlər”.

Tərəfləri ayrı-ayrılıqda dinlədik. Qaldı aidiyyəti qurumların məsələyə obyektiv yanaşmasını gözləmək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın