Zaqatalada bişən qeyri-adi çörək - dadı da, çəkisi də heyrətə salır
Hər gün süfrəmizdə əsas yer tutan çörəyin müxtəlif çeşidlərini görmüşük. Lakin Zaqatalanın rayon mərkəzindən 30 km cənub-qərbdə, Gürcüstanla sərhəddə, Qanıx çayının sol sahilində yerləşən Muğanlı kəndində bişirilən çörək həm dadına, həm də çəkisinə görə digər çörəklərdən seçilir.
APA TV xəbər verir ki, Zaqatalada “Muğanlı çörəyi” kimi tanınan dadlı və ətirli çörək xüsusi olaraq kərpicdən tikilmiş kürələrdə bişirilir. Kürənin torpaqdan nəm çəkməməsi və istiliyin itməməsi üçün tikinti zamanı yer düzgün seçilməlidir. Yerli sakinlər deyir ki, kürədə istiliyin yayılmasında da onun hündürlüyü və eni mühüm rol oynayır.
Muğanlı çörəyinin digər çörək çeşidlərindən fərqlərdən cəhətlərdən biri də bu çörəyin xəmirinin təbii maya ilə yoğurulmasıdır.
Muğanlı çörəyini bişirmək üçün xəmir 3-4 saat əvvəl yoğurulur, daha sonra özünü tutması üçün üstü örtülüb, isti yerdə saxlanılır. Sonda isə hər birinin çəkisi 3 kiloqram 350 qram olan kündələr hazırlanır.
Çörəyin bişirilməsi üçün kürədə lazım olan istilik yaradılır və kündələr kürənin içinə qoyulur. Müsahibimiz deyir ki, çörəyin tam bişməsi üçün saat yarım, iki saat vaxt lazım olur.
Kəndin bəzi sakinləri çörəyi bişirib satırlar. Biri 4 manata satılan Muğanlı çörəyinin bişirilməsində əlavə qatqılar olmadığından çörəyi normal temperaturda keyfiyyətini itirmədən 20 gün saxlamaq mümkündür.
Çörəyin dadı və uzun müddət saxlanılmasının mümkün olması “Muğanlı çörəyini” rayon camaatının əvəzolunmazına çevirib. Hətta ölkəmizin bəzi ərazilərindən və xarici dövlətlərdən də bu çörəyin bişirilməsi üçün sifarişlər verilir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə