Yardımlıda 5 min illik tarixi olan kurqanlar tapıldı
Kurqanlar türk xalqlarının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin sirri hələ də açılmayıb. Ölkəmizdə saysız-hesabsız kurqanlar mövcuddur və onların ən geniş yayıldığı ərazi Qarabağdır.
Yardımlı rayonu ərazisində isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiya qrupu tərəfindən kurqanların tədqiqatına son illərdə başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə 5-dən artıq kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar erkən tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir: “Kurqan abidələrinin qazıntısı zamanı e.ə. III minilliyin sonlarına, yəni erkən tunc dövrünün son mərhələsinə aid qəbir abidələri aşkar etmişik ki, məhz bütün bunlar da bölgədə yaylaq ərazilərin, yüksək dağlıq ərazilərin məhz e.ə. III minillikdən başlayaraq mənimsənildiyini sübut edən əsas faktlardan biridir”.
Qazıntısı aparılan bu kurqan orta ölçülüdür, dərinliyi təxminən 2 metrə yaxındır. Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə, araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. O cümlədən dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Məsələn, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi axirət dünyasına inamla bağlıdır. Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar. Yeni kurqanın qazıntısı zamanı həmçinin sümükdən hazırlanan iy başlığı tapılıb: “Kurqandan tapılmış bir ədəd iy başlığı məhz ipəyirmə sənətində istifadə olunan əşyadır. Bu əşyanın tapılması bir daha sübut edir ki, bölgədə maldarlıq təsərrüfatı geniş şəkildə yayılıb”.
Minilliklərlə yer altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Arxeoloji tədqiqatların əsas məqsədi erkən tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır. Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsində olan abidələrin tədqiqinə başlanılacaq və çox güman ki, qədim maldar əhalinin düzən ərazilərdə yaşayış yerləri aşkar ediləcək: “Bütün bu araşdırmalar bizə onu deməyə əsas verir ki, bölgənin tarixi çox qədimdir, zəngindir. Bu araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gələcəyik ki, Azərbaycanın cənub bölgəsi Yaxın Şərq bölgəsinin digər abidələri ilə vəhdət təşkil edir”.
Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin bundan sonra antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilənin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyən ediləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."