Yaponlar axtardığını Saatlıda tapıb - MUĞANDAN DAŞINAN MƏHSUL
Saatlı və Yaponiya... Muğanın bu bölgəsinin “Gündoğan ölkə”də tanınması sizə təəccüblü gəlməsin.
APA TV-nin Mil-muğan bürosunun məlumatına görə, arıçılıq əsasən Azəbaycanın dağ və dağətəyi rayonlarında - meşəlik, güllü-çiçəkli, çəmənlik ərazilərdə daha çox yayılıb. Aranda, Mil-Muğan bölgəsində bu sahəyə maraq nisbətən zəifdir. Amma bu bölgələrin meyvəsi, tərəvəzi daha dadlı olur. Sərin, günəş şüalarını az görən bölgələrin məhsulundan şirinliyi və dadına görə fərqlənir.
Saatlıda yaşayan arıçı Ehtiram Məmmədovun böyük təsərrüfatı - arıxanaları var. Bağında akasiya, cökə ağacları, müxtəlif çiçəkləri olan kollar, hətta çoxillik banan ağacı da var:
“Hardasa 150 arıxanam var. Əsasən biyan balını qeyd etmək istəyirəm ki, ballar içərisində ən qüvvəlisidir. Camaat alıb, yeyib, dadına baxıb, müalicəsini aparıb, xeyrin görüb. Eyni zamanda 3 ildən artıqdır ki, yaponlar müxtəlif yoldaşlarla gəlib, biyan sahələrinə baxıb və 2 aydan sonra biyan balını alıblar. Bu il hələ gəlməyiblər”.
Biyan bitkisinin köklərindən farmaseptikada geniş istifadə edilir. Bu bitkinin çiçəklərinin nektarında olan aponin və qliserizinxam maddələri sayəsində onunla qidalanan arıların verdiyi bal müalicəvi təsirə malikdir. Faydalarını saymaqla qurtarmaq olmaz. Beyin qan dövranı, dəri problemləri, prostat və sidik-yollarının, qaraciyərin və sair xəstəliklərin müalicəsində biyan balının əvəzsiz rolu var:
“Biyan müalicəvi əhəmiyyətli bitkidir. Tarixən əsasən çinlilər, hindistanlıların yetişdirdiyi jenşenə bərabərdir. Biyanın kötüyündən müxtəlif dərmanlar hazırlanır. Əsasən bronxlar, öskürək, tənəffüs yollarının müalicəsi və bir də ümumi zəiflikdə, qan azlığında, immunitetin zəifliyində biyan balı xeyirli saylır”.
Məhsulu əldə etdikdən sonra onun süzümünü həyata keçirmək üçün arıçının şəraiti və avadanlığı genişdir. Hər il 2 tondan çox bal əldə edən Ehtiram kişi onun satışı ilə məşğuldur:
“Biyan bərəkətli bitkidir, elə arı ailəsi olub ki, 70-80 kiloqram məhsul verib. Düzdür, bu, arının gücünə də baxır. Orta hesabla hər ailədən 20-25 kilo bal götürmüşük. Biyanı kəssən görərsən ki, kəsiyin rəngi süzülən balın rəngi ilə eynidir. Hardasa, iyulun 8-10-u balı süzürük və arıxanada həmin tarixdən bal süzümü dayanır”.
Həmsöhbətimiz beynəlxalq sərgilərdə iştirak edib. Təqdim etdiyi bal nümunələrinə görə keyfiyyət serifikatları alıb. Peşəkar arıçı kimi arzusu Azərbaycanın da Dünya Arıçılar Birliyi Federasiyasına üzv olmasıdır.
Balın təmizliyi arıçıdan asılıdır. İnsanları aldatmaq olmaz. Allahın yaratdığı nə varsa, o, təmiz qalmalıdır. Bal da həmçinin. Özümüzə məsləhət bilmədiyimizi, başqasına da rəva görməyək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."