Xidmət rəisi: “Həmin vətəndaşlar ölkəmizə geri qaytarılır…”

 

"Xarici ölkələrə gedərək pasportlarını, digər sənədlərini itirən və ya itdiyini iddia edən Azərbaycan vətəndaşları readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəmizə geri qaytarılır". APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib. Xidmət rəisi qeyd edib ki, bu şəxslərin geri qaytarılması dövlət miqrasiya orqanları tərəfindən həyata keçirilir: "Readmissiya sazişləri çərçivəsində Azərbaycan vətəndaşlarının ölkəmizə geri qaytarılması ilə bağlı müraciətlərin statistikasında Almaniya nisbətən ön yerdədir. Ancaq qeyd etmək istəyirəm ki, bu hal dünyanın hər yerində var. Azərbaycanda isə belə hallar qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstanda və Ermənistanda əhalinin say nisbətini nəzərə alsaq, bu ölkələrdən qaçqın statusu almaq üçün müraciət edənlərin sayı bizdən 2-3 dəfə çoxdur". Türkiyə vətəndaşlarına tətbiq olunan vizanın əvvəl də sadələşdirilmiş qayda ilə, yəni hava limanında əldə edildiyini vurğulayan xidmət rəisi əlavə edib ki, viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir: “Bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Azərbaycan vətəndaşları Türkiyəyə rahat səfər edə bilir, eyni qaydada Türkiyə vətəndaşları da rahat şəkildə ölkəmizə səfər edə bilirlər. Heç bir problemli məqam yoxdur. Azərbaycanın aidiyyəti orqanlarının vəzifələri də hər hansı narahatlıq yaradan məqam olarsa, bunun qarşısını almaqdır. Bu gün üçün hər şey qaydasındadır". Əcnəbi vətəndaşlara ölkəmizdə iş icazəsinin verilməsi məsələsinə toxunan natiq qeyd edib ki, "Nazirlər Kabineti tərəfindən bu il iş icazəsi üçün 6800 kvota ayrılıb, il ərzində bu qədər əcnəbi iş üçün cəlb edilə bilər". Bu kvotanın yarısından çoxu isə artıq dolub. DMX rəisi iş icazəsi üçün tələb olunan rüsumu da açıqlayıb. 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manat, 1 illik rüsumun qiyməti isə 1000 manatdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR