XİN xarici ölkələrə müraciət etdi – SƏFİRLİKLƏRİMİZİN MÜHAFİZƏSİ ARTIRILSIN
“Ermənistan hərbi meydanda məğlub olandan sonra Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə soydaşlarımıza qarşı təxribatlar törədir”.
APA TV-nin xəbərə görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Ermənistan danışıqlar prosesində iflas olduqdan sonra dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün bu cür iyrənc addımlar atmağa başlayıb: “Bu qarşıdurmalarda Azərbaycan tərəfdən vətənpərvər insanlar iştirak edir, Ermənistanın siyasətinə etirazlarını bildirirlər. Radikal erməni qrupları hər cür radikallıqdan çəkinməyərək, Azərbaycana məxsus diplomatik missiyalara, etnik mənsubiyyətinə görə azərbaycanlılara hücum etməklə məşğul olurlar. Lakin ermənilərin bu əməlləri də boşa çıxacaq. Həmin xarici ölkələr heç vaxt imkan verməzlər ki, ölkələrində irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin”.
Artıq ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdüyünü deyən nazir müavini bildirib ki, Səfir ABŞ polisinin araşdırma apardığını və bu təxribata hüquqi qiymət veriləcəyini deyib: “Təəssüf edirik ki, ABŞ polisi Baş Konsulluğu və azərbaycanlıları qoruya bilməyib. Biz görüşdə səfirliyimizin mühafizəsi məsələsini geniş müzakirə etdik. İnanırıq ki, tək Los Ancelesdə, Vaşinqtonda deyil, digər dost ölkələrdə də səfirliklərimizin mühafizəsi artırılacaq. Biz bununla bağlı həmin ölkələrə müraciət etmişik. İnanıram ki, gələcəkdə belə hallar olmayacaq. Bu məsələlərdə ikili standartlar ola bilməz, Vyana konvensiyasının tələbləri bütün dövlətlər üçün tam məcburidir. Azərbaycan həmin ölkələrin diplomatik missiyalarının mühafizəsini təmin edir. Azərbaycan dövləti diplomatik missiyalarımızın qorunması, mühafizəsi üçün beynəlxalq mexanizmlərin istifadə olunmasında tam israrlıdır. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın dövlət kimi yanındayıq və daim müdafiələrində olacağıq”.
Ermənilərin maskasının tam yırtıldığını deyən Xələf Xələfov onu əlavə edib ki, Ermənistanın xarici siyasəti iflasa uğrayıb və ehtimal olunur ki, yenə gərginliyi artırmağa çalışacaqlar: “İstisna olunmur ki, ermənilər “Daşnaksutyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldəcəklər. Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq. 1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb. Həmin şəxs məhkəməyə çıxarılacaq: “Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.
Ermənistanın təxribatı ilə bağlı 25 xarici ölkədə 56 aksiya keçirilib. Bu aksiyalar icazə alınaraq, qanunlar çərçivəsində baş tutub. Bu barədə məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib ki, ABŞ-ın 8 ştatında ümumilikdə 11 aksiya keçirilib: “Radikal erməni təşkilatları yandırıcı maddələrdən, digər vasitələrdən istifadə edərək azərbaycanlılara qarşı təxribat törədir. Niyə o, ölkələrin polisləri gözləri qarşısında törədilən bu hadisələrə müdaxilə etmirlər? İnanırıq ki, bu hadisələr araşdırılacaq və lazımi addımlar atılacaq. Diaspor təşkilatları ilə gecə-gündüz təmasdayıq. Los-Ancelesdə aksiyada 50 nəfər iştirak edib. Los-Ancelesdə 3 min erməni radikalın qarşısını almaq üçün çox az polis gəlib”.
Faiq Quliyevin sözlərinə görə, əlavə olaraq 20 ölkədə də soydaşlarımız erməni təxribatı ilə bağlı aksiyalar keçirəcək.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi