Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirildi
Bu gün Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadənin vida mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, vida mərasimi mərhum bəstəkarın uzun illər işlədiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.
83 yaşlı bəstəkarla vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, mərhumun yaxınları və sənət dostları iştirak edib.
Oğlu Pərvin Mirzəzadə atası haqqında xatirələrini bölüşüb: "Bilirsiniz, Xəyyam müəllim həmişə oturardı, baxardı, ölçərdi, həmişə özünə görə öz mövqeyi var idi. Və öz mövqeyindən heç kim onu döndərə bilməzdi. Heç vaxt siyasətçi olmayıb, amma həmişə siyasətlə maraqlanardı".
Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə Xəyyam Mirzəzadəni 100 illiyin şəxsiyyəti adlandırıb: "O, böyük məktəb yaradıb. O, burada 40 ildən çox dərs deyib, Qara Qarayevin tələbəsi olub. Bu kafedraya - bəstəkarlıq kafedrasına başçılıq edib. Öyrədəndə çox tələbkar olurdu. Digər tərəfdən, o, böyük yumora malik olan insan idi. O, cəmiyyətin bütün təbəqələri ilə dostluq edirdi".
Mərhum bəstəkarın tələbəsi olmuş bəstəkar Faiq Sücəddinov da Xəyyam Mirzəzadənin ölümünü böyük itki hesab etdiyini vurğulayıb: "Mən uzun illər onunla təmasda idim, tələbəlikdən də qabaq o bəstəkar idi, mən də Estrada Simfonik Orkestrin bədii rəhbəri idim. Təbii ki, ağır bir itkidir. Mən də bu gün professoram, xalq artistiyəm. Həmişə Xəyyam müəllim deyərdi ki, mənim tələbələrim bu gün xalq artistidir. Doğrudan da o, böyük Qara Qarayevin tələbəsi olub, böyük əsərləri var. Həmişə bizim qəlbimizdə yaşayacaq".
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də bəstəkarın vəfatından böyük üzüntüsünü dilə gətirib: "Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan professor Xəyyam müəllim bu gün haqq dünyasına qovuşur. Bu, Azərbaycan musiqi mədəniyyəti üçün çox böyük itkidir. Xəyyam müəllim öz yaradıcılığı ilə Azərbaycan musiqi məktəbini zənginləşdirib. O, Azərbaycan musiqi tarixinə öz adını qızıl hərflərlə yazmış bir bəstəkardır".
Bəstəkar Cavanşir Quliyev Xəyyam Mirzəzadəni Azərbaycan bəstəkarlıq məktəbinin ən böyük pedaqoqu adlandırıb: "Xəyyam Mirzəzadə görkəmli bəstəkardır. Mənim həmsöhbətim, sirdaşım, dostum da deyə bilərdim - yaş fərqimiz olsa belə. İndiki Azərbaycan bəstəkarlarının böyük bir dəstəsi Xəyyam Mirzəzadənin tələbəsi olub. Ona görə də mən hesab edirəm ki, bizə çox böyük itki üz verdi. Düşünürəm ki, itirdiyimiz dəyərin ağrısını hələ irəlidə hiss edəcəyik".
Vida mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Xəyyam Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək, onu bəstəkarlıq məktəbinin böyük nümayəndəsi adlandırıb.
Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın prorektoru Zemfira Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra mərhum bəstəkarın cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."