X Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub

İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə təşkil olunmuş mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov festivalın əhəmiyyətindən danışıb. F. Heydərov qeyd edib ki, festival 10 il ərzində Qəbələnin şöhrətini dünyaya yayıb: “Bu festivalın davam etməsi ölkəmizin qüdrətini və tərəqqisini göstərir. Azərbaycan bu cür gözəl musiqi bayramları keçirməklə sübut edir ki, sülh və əminəmanlıq ölkəsidir. İnanıram ki, festival bundan sonra da uğurla davam edəcək”.

Xalq artisti Fərhad Bədəlbəyli festivalın kommersiya xarakteri daşımadığını, biletlərin satılmadığını deyib: “Festivalda hamı iştirak edə bilər. Bu musiqi bayramının əsas məqsədlərindən biri də maarifçilikdir. Bu, çox vacibdir. 2018-ci il Qara Qarayevin 100 illik yubileyidir. Yubiley tədbirləri dünyanın hər yerində keçirilir. Qəbələ festivalına bir neçə ölkədən kollektivlər təşrif gətirib”.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının səviyyəsi və ona maraq ildən ilə artmaqdadır.

Rəsmi hissədən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşan konsertdə pianoda xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış ediblər.

Tədbirə Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları qatılacaq.

Qeyd edək ki, iyulun 31-də X Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, ABŞ, İsrail və Azərbaycan musiqiçilərinin iştirakı ilə növbəti kamera konsertləri olub. Qəbələ Konqres Mərkəzində keçirilən ilk konsert rusiyalı gənc qoboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qoboy üçün Sonatadan “Elegiya” və “Skertso” hissələrinin səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Sankt-Peterburq Konservatoriyasının müəllimi Olqa Yermakova, Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman, beynəlxalq mükafatlar laureatı Annel Qreqorinin iştirakı ilə Kamera Musiqisi Axşamı olub. Konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR