Vüsal Hüseynov: “Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün yaşaya biləcək”
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçılarını qəbul edib.
APA TV-nin xəbərinə görə, layihə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. “İdarəetmə və kommunikasiya” mövzusunda keçirilən master-klassda Vüsal Hüseynov qərar qəbuletmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması mövzusunda çıxış edib, o cümlədən liderlik qabiliyyətlərinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.
Vüsal Hüseynov bildirib ki, bu tədbirlərin həyata keçirilməsi ölkədə gənclər siyasətinə olan diqqətin göstəricisidir: “Bu layihələr çərçivəsində bizim 30 seçilmiş gənclə görüşümüz nəzərdə tutulub. Görüş çərçivəsində biz onlarda əsas kommunikasiya bacarıqları, liderlik bacarıqları, qərar qəbuletmə, strateji düşünmə kimi fikirləri paylaşacağıq. Onların idarəçiliklə bağlı suallarını cavablandıracağıq. Hesab edirəm ki, səmimi mühitdə çox məhsuldar bir görüş keçiriləcək. Ümumi olaraq bu tip tədbirlərin ölkəmizdə keçirilməsi, gənclər siyasətinə olan bir diqqətin göstərici kimi qiymətləndirmək olar”
Azərbaycan və Qazaxıstan arasında imzalanmış hökumətlərarası sazişə münasibət bildirəm Vüsal Hüseynov Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız 30 gün deyil, 90 gün yaşaya biləcəklərini qeyd edib: “Bu sazişin imzalanması nəticəsində artıq Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün ərzində yaşaya biləcəklər. Olduğu yer üzrə qeydiyyat müddəti isə 5 gündən 30 günə qaldırılıb. Təbii ki, saziş qarşılıqlıdır. Qazaxıstan vətəndaşlarının da ölkəmizdə olma və ya yaşaması eyni qaydada tənzimlənəcək”.
Qeyd edək ki, növbəti 3 ay ərzində də gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək