Vurğun Əyyub son mənzilə “Ruhani” ilə yola salındı
Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub son mənzilə yola salınıb.
APA TV-nin xəbərinə görə, mərhumla vida mərasimi yaşadığı binanın həyətində keçirilib.
Sabiq təhsil naziri Firudin Cəlilov Vurğun Əyyubun xatirələrdə əbədi yaşayacağını bildirib: “Vurğun kimi aydınların ölümü elə-belə ölüm deyil, cismani ölümdür. O, Azərbaycan tarixində əbədi yaşayacaq. Vurğunun ruhundan diləyim odur ki, haqqını halal etsin bizə. Mən haqqımı halal elədim”.
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da bu itkidən təəssüfləndiyini vurğulayıb: “Vurğun Əyyub çox böyük sevgi qazanıb getdi. Onu sevənlər nə qədər dualar etdi. Vurğunun xəstəliyi bütün xalqı yandırdı. Bu, bir insanın həyatda qazandığı ən böyük nemətdir”.
Sabiq ədliyyə naziri İlyas İsmayılov fikirlərini cəmi iki cümlə ilə ifadə edə bilib: “Xalqını millətini sevən, haqq-ədalət istəyən bir insan kimi tanıdım. Belə insanların həyatdan tez getməsinə təəssüf edirəm”.
Millət vəkili Fazil Mustafa azərbaycanlıların Vurğun Əyyuba vəfa borcunun olduğunu qeyd edib: “Bütün təbəqələrə təhsilin açıq olmasında onun rolu var. Azərbaycan insanının bir vəfa borcu var. Çünki bu gün testlə qəbul olan hər kəsin həyatında az da olsa, payı var. Əminəm ki, Azərbaycan insanının qəlbində o, hər zaman yaşayacaq”.
Millət vəkili Aqil Abbas deyib ki, Vurğun bu millətin vurğunu idi: “Bu xalqın, bu torpağın vurğunu idi. Vurğun zərif çiyinlərində Azərbaycanı çiyninə qaldıran oğullardan idi. Heyf elə oğula. Vurğunun ömrü mübarizədə keçdi. Bütün mübarizələrdən qalib çıxdı. Və heç kimin qarşısında əyilmədi”.
Vida mərasimində 1990-cı illərin əvvəllərində Türkiyə universitetlərinə göndərilmiş tələbələr də vardı. Türkiyə məzunlarından Nəsimi Paşayev mərhumla bağlı xatirələrini bölüşüb: “O zaman bizi təhsil dalınca göndərəndə bir istəyi vardı. Biz təhsili başa vurub, Azərbaycan naminə xeyirli işlər görməli idik. Bizi yola salanda bu mesaji vermişdi. O dedi ki, biz yeni sistem yaratdıq və bundan sonrası sizin çiyinlərinizə düşür. Biz də bacardığımızı elədik. O, Azərbaycanın gələcəyi üçün bir yatırım etmişdi”.
Daha bir Türkiyə məzunu Telman Nüsrətoğlu Vurğun Əyyubu məsləyinə sadiq aydın kimi xarakterizə edib: “Vurğun bəy dürüst prinsipial, dəyərləri bilən bir insan idi. Onunla biz həm də iş yoldaşı olmuşuq, onu tələbələri də çox sevirdi. Bu gün bütün tələbələri buradadır. Bu, hər adama qismət olmur. O, idi. Allah məkanını cənnət etsin”.
Tələbə yoldaşları da Vurğun Əyyubla bağlı fikirlərini bölüşüblər. Tanınmış folklorşünas Əli Şamil hər kəsin xalq sevgisi qazana bilmədiyini diqqətə çatdırıb: “O, milli azadlıq hərəkatının başlanğıcını qoyan bir insan idi. Ətrafına aydınları yığa bilən, təmizliyi, doğruluğu ilə nümunə olan bir insan idi. Vurğun bəy üçün ağlamaq lazım deyil. Onun ideyalarını həyata keçirmək üçün çalışmaq lazımdır”.
Professor Bədirxan Əhmədov da eyni fikirdədir: “Dostumuzu, tələbə yoldaşımızı itirdik. Bu, bizim üçün çox böyük itkidir. Azərbaycan xalqı mübarizini, alimini itirdi. Vurğun siyasi mövqeyindən asılı olmayaraq, hər kəsi birləşdirə bildi”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi Vurğun Əyyubu hər bir dövlət üçün önəmli olan şəxsiyyətlərdən biri adlandırıb: “Qoyduğu təməl prinsiplərindən onun arxasınca gələn gənclər istifadə edəcək”.
Vida mərasimi "Ruhani" sədaları altında başa çatıb. Vurğun Əyyub Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."