Vilayət Eyvazov: “Ali Baş Komandanın verəcəyi əmr...”
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binası istifadəyə verilib.
Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mənzillə təmin olunmuş sakinləri təbrik edib.
O, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb. Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib.
Nazir hərbi qulluqçulara verilən mənzillərə baxıb.
Daha sonra nazir Daxili Qoşunların Qəbələ, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində olub. Bu tədbirlərdə nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyət və texnika barədə raportlar verib.
Nazir Vilayət Eyvazov ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunların cəbhə xəttində şərəfli döyüş yolu keçdiyini, bu yolda yüzlərlə şəhid verdiyini qeyd edərək bildirib ki, hələ də torpaqlarımızın 20 faizi işğal altında olduğuna görə hazırda ölkəmiz müharibə şəraitindədir. Ona görə də qüdrətli Azərbaycan ordusu ilə yanaşı Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdır.
V.Eyvazovun rəhbərliyi ilə hərbi hissələrin qərargahlarında komandir heyətləri ilə əməliyyat müşavirələri keçirilib. Sonra o, hərbi hissələrin tədris, silah otaqlarında, avtomobil və zirehli texnika parkında, tibb məntəqələrində, yeməkxanalarında olub, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir əsgər yeməkxanalarında şəxsi heyətlə birlikdə nahar edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."