VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası - GƏLİN, ALIN, OXUYUN!
Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu.
APA TV-nin məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarka İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə 80 təşkilatın Azərbaycan nəşriyyatını təmsil etdiyini dedi. Bildirdi ki, bu da Azərbaycan kitabının 80 yerdə nəşr edilməsi, təhlil və tərcümə olunması deməkdir: “22 ölkədən təmsilçi bu gün gəlib. Burada 60-a qədər müxtəlif tədbir keçiriləcək. Onların içində kitabların təqdimatı, əcnəbi müəlliflərin kitablarının imzalanması, oxucuların görüşləri, beynəlxalq konfrans, müasir dünyada kitabın əhəmiyyətinə həsr olunmuş beynəlxalq müzakirələr, konfranslar var. “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər olacaq və bütün bunlar kitabın adının Azərbaycanda yaşaması deməkdir”.
Baş nazirin müavini Əli Əhmədov bu gün Azərbaycanın mədəni həyatında əlamətdar bir hadisənin yaşandığını qeyd etdi. Bildirdi ki, bu, hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün atılan addımdır.
Sonra sərgi-yarmarkasının açılışı oldu. Rəsmi şəxslər kitablarla tanış oldu. Nəşriyyat nümayəndələri kitaba marağın az olduğu bir dövrdə belə tədbirlərin keçirilməsinin bu sahəyə marağın artmasına təkan verdiyini bildirdi: “Əlbəttə, nəşriyyat nümayəndəsi olaraq istərdik ki, belə tədbirlər tez-tez keçirilsin. Tək dövlət səviyyəsində yox, şəxsi təşəbbüslərlə də çox olsun. Bütün nəşriyyatlar oxuculara daha yaxın olsunlar ki, biz bu sahəni inkişaf etdirə bilək”.
“Bu bir bayramdır. Kitab təbliğatı sahəsində ən böyük tədbirdir. Və bu tədbirlər həmişə kitab oxuyanların sayını bir qayda olaraq artırır”.
Kitab insan zəkasını zənginləşdirən xəzinədir. Bu zənginliyə sahib olmaq istəyənlərin çox olması sərgiyə gələn alıcı sayından bilinirdi: “Mən özüm hazırda tarixi ixtisas üzrə oxuduğum üçün daha çox elmi, tarixi mövzular maraqlı gəlir. Ona görə də Janna D Arkın avtobioqrafiyasını almışam. Hələ də baxıram, fərdi inkişaf mövzusunda kitab axtarıram”.
“Belə kitabların, yarmarkaların təşkili təbii ki, bütün oxucular, kitabsevərlər üçün bayramdır. Yeni nəşrlərlə tanış oluruq, əvvəlki nəşrlərlə tanış olmaq üçün zəmin yaranır. Bu gün uşaq nəşrləri ilə maraqlandım, bir neçə nüsxəsini aldım”.
Qeyd edək ki, sərgi-yarmarka sentyabrın 29-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."