Umayra Tağıyeva: “Oktyabrda havaların...”

 

“Azərbaycanda payızın birinci yarısı ən əlverişli dövr kimi səciyyələndirilə bilər. Çünki temperatur 23-27 dərəcədən yüksək olmur. Bu da insanlar üçün komfort temperatur göstəriciləri hesab oluna bilər”.

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın qənaəti belədir. Əlavə edib ki, bu müddətdə günəşli günlərin sayı az olmur. Onun istisindən və şüasından yaydakı kimi qorunmağa da ehtiyac yoxdur: “Sentyabr ayının son həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti müşahidə olunacaq. Temperatur kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Yəni, bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Ötən şənbə müşahidə olunan şiddətli küləkdən fərqli olaraq, ayın 26-sı axşam və 27-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yenidən küləkli hava şəraiti müşahidə olunacaq”.

Qurum rəsmisi payızın əvvəlində küləyin maksimal surətinin saniyədə 15-20 metrə çata biləcəyini deyib. Növbəti küləkli hava isə sentyabrın 28-dən 29-na keçən gecə və səhərə proqnozlaşdırılır: “Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraiti nisbətən mülayim olacaq. Temperaturun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılara gəlincə - belə hava şəraiti bəzi rayonlarda normadan bir qədər artıq olacaq”.

Qeyd edək ki, bu gün yeni - “meteo.az” saytının təqdimatı olub.

Bu sayt vasitəsilə insanlar hava proqnozu barədə daha dolğun məlumat edə, günlük planlarını hava şəraitinə uyğun tənzimləyə biləcəklər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR