13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Ucuz mənzil, yoxsa kirayə fırıldaqçılığı? - XƏBƏRDARLIQ

Sentyabr ayın 29-da ali məktəblərdə əyani tədrisin başlanması kirayə mənzil bazarının da canlanmasına səbəb olub.

 

APA TV xəbər verir ki, bundan istifadə edən kirayə mənzil dələduzları iş başındadırlar. Belə ki, ev elanı yerləşdirilən saytlarda özünü ev sahibi kimi təqdim edən şəxslər mənzilləri nisbətən ucuz qiymətə təklif edirlər. Qiymətin əlverişli olduğunu görən müştəri həmin şəxslərin toruna düşür. Dərhal həmin nömrə ilə əlaqə saxlayan müştəri ilk olaraq aldadıldığını qətiyyən başa düşmür. Fırıldaqçılar mənzilə başqasının müştəri çıxdığını bəhanə gətirib tez-tələsik kirayə mənzil istəyən şəxsdən beh tələb edirlər. Ucuz mənzili “əlindən çıxartmaq” istəməyən şəxs tələb edilən məbləği deyilən kart hesabına köçürür. Beləcə aldadıldığını  bilmədən fırıldaqçıların qurbanı olmuş olur.

 

Bəs bu cür halların qarşısının almaq mümkündürmü? Saxta elanı  həqiqi elandan neçə ayırd etmək olar?

 

Rieltor Bahadur İbrahimov deyir ki, hər kəs elan yerləşdirə bilər və bunu ayırd etmək heç də asan deyil: “Valideynlər aldanmamaq üçün birinci növbədə düzgün reltor şirkətlərinə müraciət etməlidirlər. İkinci növbədə isə saytdan tapdıqları hər hansı bir evə qohumları gedib baxsın, o evin həqiqətən də olub olmamasını dəqiqləşdirsin. İstənilən kəs əmlak saytına girib özü üçün elan yerləşdirə bilər”.

 

Ekspertlər vətəndaşları ayıq-sayıq olmağa, elan saytlarından kirayə mənzil seçdikləri zaman ödəniş etməzdən əvvəl mütləq evə baxış keçirilib daha sonra rəsmi müqavilə bağlamağı məsləhət görürlər: “Birdə əsas məsələ ev kirayələyəndə bilmək lazımdır bu mənzilin hüquqi sənədi varmı? Çünki bəzən olur ki, evi kirayə verilər sonra həmin ev sahibinin həyat yoldaşı və ya övladı gəlib deyir ki, evdən çıx. Bu zaman əlavə problemlər yaranır”

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə də bu cür dələduzluq faktları ilə bağlı məlumatlar daxil olur. Nazirlik hər kəsi  belə elanlara diqqətli yanaşmağa, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyə və məlumatlarını kənar şəxslərlə paylaşmamağa çağırır. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın