20:24 11 may 2022 235
Ana səhifə Xəbərlər

Üç bacının bir qardaşı, Füzulidən Şuşaya qədər döyüşən igid əsgər - Məhəmməd Əliyev

Bu dəfə sizə Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı son damla qanına kimi vuruşan qəhrəman əsgərimizdən danışacağıq. Masallı rayonunun Böyük Xocavar kəndindən Vətən müharibəsinə könüllü qatılan Məhəmməd Əliyev. O, böyük zəfərə bir neçə saat qalmış Şuşada şəhidlik məqamına yüksələn igid vətən oğludur. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə keçib. Uşaqlıqdan hərbiyə marağı olub.

Vətəni canından çox sevən, onun yolunda canından keçməyə hazır olan Məhəmməd Əliyev xidmətini layiqincə bitirdikdən sonra hərbidə qalıb, işləmək qərarını verir. Amma üç bacının bir qardaşı olduğuna görə ailəsi buna razı olmur. Vətən müharibəsi başlayanda isə Məhəmmədi döyüşlərə qatılmaqdan heç kim saxlaya bilmir və könüllü olaraq müharibə yollanır.

Məhəmməd həm hərbi xidmətdə, həm də müharibə zamanı döyüş yoldaşları, komandirləri ilə çox gözəl münasibət qurmağı bacarıb. Komandiri şəhid haqqında ailəsinə deyib ki, Məhəmməd döyüş zamanı onun qabağına keçərək, "sənin övladın var, mən subayam, mən gedəcəyəm qabağa" deyirmiş. Ən qızğın döyüşlərdə irəlidə gedən, sinəsini sipər edən qəhrəmanımız Şuşanın alınması xəbəri veriləndən bir neçə saat sonra əks hücum zamanı snayperlə vurulub. Məhəmməd Əliyev qələbənin bir  addımlığında, Şuşa şəhərində 21 yaşında şəhidlik zirvəsinə ucalıb.  

Məhəmməd Əliyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın