Tural Gəncəliyev: "Qarabağ münaqişəsi informasiya müharibəsi şəklində davam edir”

 

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və Azərbaycan Gənclər Fondu Dağlıq Qarabağ bölgəsindən olan gənclərlə görüş keçirib.

APA TV-nin məlumatına görə, icmanın rəhbəri Tural Gəncəliyev Ermənistanla münaqişənin bütün platformalarda, o cümlədən hərbi, diplomatik və sosial media üzərindən aparıldığını vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi informasiya müharibəsi şəklində də davam edir. Bu baxımdan bizim gənclərin potensialından istifadə olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi barədə yalan və saxta məlumatların yayılması, Gövhərağa məscidinin arxitekturasının dəyişdirilməsi, başqa ad altında təqdim olunması cəhdlərinə diqqətimizi daha da yönəltməliyik".

Millət vəkili Flora Qasımova çıxışında gəncləri erməni yalanlarına qarşı aktiv olmağa səsləyib: "Paşinyanın bəyanatları sülhə böyük zərbə vurur. Prezident İlham Əliyev “Valday" klubunda ermənilərin layiqli cavabını verdi. "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı ətrafında təşkilatlanma gedir. Elə çalışmalıyıq ki, hər addımımızda bu bəyanatı xüsusi olaraq hər kəsin diqqətinə çatdıraq. Azərbaycanda iqtisadi, siyasi sahədə görülən bütün işlər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə yönəlib".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov həyata keçirilən qrant müsabiqələri haqqında məlumat verərək, Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa çağırıb: “Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar ünsürlər tərəfindən yeni bir təxribat xarakterli tədbir keçirilməsi üçün cəhdlər göstərilir. "Ədalət və sülh naminə forum" adlı təxribat xarakterli tədbiri keçirməklə Ermənistan tərəfi bir daha işğal olunmuş ərazilərdə öz qanunsuz işğalının nəticələrini legitimləşdirməyə cəhd edir”.

İcma rəhbəri Tural Gəncəliyev də qondarma “Dağlıq Qarabağ rejimi”nin Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forum keçirməsi məsələsinə toxunub: "Burada hansı ədalətdən və sülhdən söhbət gedə bilər ki, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlı əhalinin iştirakı olmadan, öz torpaqlarına geri dönmədən belə bir forum keçirirlər. Ona görə biz bir daha bəyan edirik ki, etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi torpaqlarına geri dönmədən, torpaqlar geri qaytarılmadan bu kimi təxribat xarakterli tədbirlərin keçirilməsinin heç bir hüquqi əsası yoxdur və olmayacaq”.

Qeyd edək ki, 11 oktyabrda Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forum keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR