Toyda kütləvi zəhərlənmə: bu dəfə qidadan deyil - SƏBƏB

Şirvanda toy mərasimində kütləvi zəhərlənmə baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə iyulun 19-da şadlıq saraylarından birində baş verib. Zəhərlənən şəxslər təcil yardım və şəxsi avtomobillərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onlardan 13 nəfəri qadın, 4-ü kişi, 2-i azyaşlıdır. Xəstəxanaya çatdırılanlardan 4 nəfəri Hacıqabul rayon sakinləridir: “Şirvan şəhər xəstəxanasının qəbul və reanimasiya şöbəsinə qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib. Onlar boğazda qıcıqlanma, öskürmə, asqırma və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə gəlib. Onlara medikamentoz və digər yardımlar göstərilib və kafi vəziyyətdə evə buraxılıblar”. “Çay icirdim ki, məni öskürək tutdu. Çıxdım çölə gördüm ki, toydakılar da ağzını, burnunu tutub, öskürə-öskürə, boğulma əlamətləri ilə çölə qaçırlar. Boğucu iy gəlirdi”. “Toyda idik birdən-birə gördük ki, qıcıqlanma baş verdi, asqıraq tutdu camaatı, hər halda yeməkdən deyildi, təbii qazdan deyildi, nə idisə gözyaşardıcı zəhərləyici qazdan baş verdi. Bu nə idisə, boğazı, burunu qıcıqlandıran, boğucu və halsızlıq gətirən qaz idi”. Baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq saraylarından birində toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya laboratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR