Təhsil sahəsinə STEM qoşulur - HƏDƏF-BP ƏMƏKDAŞLIĞI

Hədəf liseyində “Hədəfdə STEM” I beynəlxalq konfransı baş tutub.

 

APA TV-nin məlumata görə, BP-in Azərbaycan nümayəndəliyinin dəstəklədiyi tədbirdə Təhsil nazirliyinin nümayəndələri, təhsil ekspertləri, xarici qonaqlar iştirak edib. Hədəf Liseyinin direktoru Şəmil Sadiq bildirib ki, ölkəmizdə STEM sisteminin yayılması təhsil sahəsinə töhfə verəcək: “Bu gün müasir dünyada hər kəsin bir peşəsi, ixtisası var. Bu mühəndislik ola bilər, İT ola bilər. Azərbaycan gəncliyinə də biz bu STEM sistemini, bu anlayışı çatdırmalıyıq. Gənclər bu fəlsəfə üzərində böyüməklə, təhsil almaqla dövlətimizin, millətimizin, həmçinin də bəşəriyyətin faydalı insanlarına çevrilmiş olsunlar”.

 

BP şirkətinin Azərbaycan nümayəndəliyinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli STEM modelinin dünya təcrübəsində uğur qazandığını və bu layihənin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi: “Təhsildə bu cür tədbirlərin, konfransların, bilik, bacarıq, vərdiş, qabiliyyətlərin bölüşülməsi çox əhəmiyyətlidir. Belə konfransların keçirilməsini ürəkdən dəstəkləyirik və imkanımız daxilində həyata keçməsinə dəstək verməyə çalışırıq”.

 

Xatırladaq ki, elm, texnologiya, mühəndislik və riyazi biliklər sahəsində konstruktiv təhsil nəzəriyyəsini həyata keçirən və fənlərin inteqrasiyasını özündə ehtiva edən STEM modeli dünyanın inkişaf etmiş təhsil sistemlərində uğurla tətbiq olunur.

 

Həmidağa Məcidov, Xəyal Şükürlü APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR