Təbii ədviyyatı, saxtadan necə seçməli? - ARAŞDIRMA
İnsanların tez-tez qarşılaşdığı məqam - saxta qida məhsulları... Mağazalardan bəh-bəhlə aldığımız qida məhsullarının hansı təbii, hansı saxtadır? Bunu dəqiq deyə bilməsək də, bildiyimiz tək bir reallıq var: süfrəmizin dadı-tamı, duzu-istiotun dadı damaqdan gedib.
İstiot demişkən, saxta istiot hazırlayan istehsalçıların fantaziyası bitib tükənmir. Qara istiotun yerinə qum, kül, qırmızı istiot yerinə isə əzilmiş kərpic, sumağın yerinə odun tozu, qurudulmuş çuğundur qatmaq insanın qorxunc təxəyyülüdür. Azad İstehlakçılar Birliyinin sədri də biz deyəni təsdiqləyir: “İllər boyu Azad İstehsalçılar Birliyinə gələn şikayətlərdə biz müşahidə aparmışıq ki, istiota boz rəngli torpaq qatırlar. Hətta bu nümunə bizdə var idi. Bu torpaq boz rəngli qəbiristanlıq torpağına oxşayır və onlar bunu satırlar. Sumaxlar, qara istiotlar kimi açıq satılan bütün ədviyyatlar qablaşdırılmalıdır. Əhali qablaşdırılmamış ərzaqlar almasın”.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında 94 saylı qərarı var. Bu qərarda göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ət, noxud, düyü, istiot, sumax və digər ədviyyatlar paketlənməli və üzərinə istehsalçının adı və ünvanı, eyni zamanda istehsal tarixi və yararlılıq müddəti göstərilməlidir: “İstehsalçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçının hüququ var ki, belə şübhəli fakt olduqda ona dəymiş zərərin ödənilməsi haqqında məsələ qaldırsın və bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat versin”.
Bununla yanaşı, ilk növbədə qida məhsullarının təhlükəsizliyinin təmin edilməli olduğunu deyən ekspert hesab edir ki, hazırda tərkibi dəyişdirilmiş və ya istifadəyə yararsız, orqanizm üçün təhlükəli olan məhsulların məhv edilməsi üzrə müvafiq iş həyata keçirilir. Lakin bəzi ticarət obyektləri hələ də təhlükəli məhsulların satışı ilə məşğuldur. Bununla da aldadan sahibkar aldadılan sakinin həm puluna, həm də canına qəsd etmiş olur.
Bəs sakinlər niyə aldanır? Təbii ki, burada iki əsas məqam var. Ya sakin aldığı məhsulun tərkibindən xəbərsizdir, ya da yeyəcəyi qidaya qarşı laqeyddir. Elə bu suala cavab tapmaq üçün sakinlər arasında qısa eksperiment keçirdik.
“Hazırda burada biz istiot məhsulunu iki ayrı-ayrı hissəyə ayırmışıq və onlardan birinin üzərinə qum-torpaq qarışığını əlavə edəcəyik. İddialara görə, ərzaq fırıldaqçıları bu cür edirlər. Və bu qatqını qatqısız istiotla bərabər paytaxt sakinlərinə göstərib hansının qatqılı hansının orijinal olması ilə bağlı fikirlərini öyrənməyə çalışacağıq. Görək alıcılar, xüsusilə də evdar xanımlar fərqi hiss edə biləcəkmi?”
Sakinlər arasında apardığımız sorğunun nəticəsindən belə aydın oldu ki, vətəndaş saxta ədviyyatı əslindən ayırmaqda naşıdır. Bəziləri buna cəhd etsə də, yanıldı. Baha qiymətə satılan ədviyyat növlərinin saxta olmadığına arxayın olanlar da var. Həmin insanlar səhhətlərinə daha çox pul xərcləyərək zərər vurduqlarının fərqində deyil.
Bu məqamda qeyd edək ki, bir çoxlarının etibar edib aldığı Türkiyə məhsulları da elə Türkiyənin özündə saxtakarların əlindən keçir. Belə ki, bir müddət əvvəl Türkiyədə bir qrup şəxsin sumax və qırmızı istiot məhsullarının tərkibinə taxta və ya kərpic tozunu qatıb bazara çıxarması ilə bağlı video yayıldı. Polisin araşdırmaları nəticəsində məlum oldu ki, bu məhsullar yerli bazarlarda satılmaqla yanaşı, qeyri qanuni yollarla qonşu ölkələrə də ixrac edilir. Mütəxəssislər isə hesab edir ki, alıcılar şübhəli ədviyyatlarla rastlaşdıqda, məhsulu qəbul etməmişdən əvvəl onların saxta olub-olmadığını yoxlamalıdırlar. Bunun üçün müxtəlif üsulları həyata keçirmək olar. Əgər kərpic tozu qatılmış sumax və ya istiotu suya töksək əzilmiş kərpic çöküntü yaradacaq, sumax dənələri isə suyun üzündə qalacaq. Eyni eksperimenti qara və qırmızı istiotun üzərində də həyata keçirmək olar.
Bəs bütün bu deyilənlərdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində xəbərdardırlarmı? Agentliyin mətbuat xidmətindən məsələ ilə bağlı münasibət bildirmək istəmədilər. Qurum rəsmiləri bildirdi ki, ekspert Eyyub Hüseynovun münasibət bildirdiyi hər hansı bir məsələyə münasibət bildirmək istəmirlər. Səbəbini bilmədik, bildiyimiz isə bir şey var: söhbət qida təhlükəsizliyindən gedirsə, bu məsələyə hər kəs həssas yanaşmalıdır. Çünki saxta ərzaqlar təkcə bizim deyil, yetişməkdə olan gənc nəslin, eləcə də körpələrin həyatı üçün təhlükədir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."