Sürət yarışı və avtomobillərin şousu - GƏNCƏDƏ İLK DƏFƏ

“Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə regionda ilk dəfə olaraq idman avtomobillərinin yarışı və şousu keçirilir. Heydər Əliyev Park Kompleksində təşkil olunan “V1 Challenge - Gandza” yarışında 30-dan artıq idman avtomobili iştirak edir. Yarış Gəncə sakinləri tərəfindən maraqla izlənilir”.

APA TV-nin məlumatına görə, yarışın açılışında Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, şəhər rəhbərliyi iştirak edib.

Məşhur pilotlar - dəfələrlə müxtəlif beynəlxalq yarışların qalibi olmuş İngiltərə təmsilçisi Martin Riçards, irlandiyalı Nill Qan yarışda iştirak etmək üçün Gəncəyə gəliblər: “Mən İrlandiyadan gəlmişəm. Birinci dəfə Azərbaycana 2018-ci ildə dəvətlə gəlmişəm. Burda treninqlər keçirdik. Gəncədə çox böyük inkişaf var. Azərbaycan Avtomobil Federasiyasına dəvətə görə təşəkkür edirik”.

“Mən İngiltərədən gəlmişəm. Bu cür yarışların təşkil olunması çox xoşdur. Qonaqpərvərliyə  təşəkkürümü bildirirəm”.

Yerli idmançılar da yarışların təşkilindən məmnundur: “Mən şou göstərməyə dəvətliyəm. Yarış çox gözəl, təhlükəsiz idi. Hər şey əladır”.

 

“Azarkeşlərə təşəkkürümü bildirirəm ki, həyəcanla bizə azarkeşlik etdilər. Mən son finişi keçəndə hiss edirdim ki çox həyəcanlı azarkeşlik edirlər. Belə yarışların keçirilməsi çox vacibdir. Xoşagəlməz hadisələrin qarşısını alır”.

 

Tamaşaçılar da yarışdan zövq aldıqlarını bildirib: “İlk dəfədir, Gəncdə belə yarış keçirilir. Gənclərin marağına səbəb olur”.


“Çox sevindirici haldır ki, Gəncədə belə bir yarış təşkil olunub. Mənim belə yarışlara uşaqlıqdan həvəsim olub. Bu gün də gəldim, izlədim”.


Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.

3 saatdan artıq davam edən şounu 10 mindən artıq şəhər sakini izləyib.

Qeyd edək ki, sentyabrın 30-dan başlayaraq Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi keçiriləcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR