“Sevinc”ini çoxdan itirmiş park - BAKIDA XARABALIĞA ÇEVRİLƏN İSTİRAHƏT GUŞƏLƏRİ

 

Sönmüş lampalar, sındırılmış yelləncəklər, sökülmüş oturacaqlar... Bu parkda gündən gizlənmək üçün hələ ki, yalnız yaşıllıqlar qalıb... Keçmiş “Sevinc" kinoteatrının qarşısındakı ərazi acınacaqlı vəziyyətdədir. Fəvvarənin quraşdırılmış hissələri, baxımsızlıq ucbatından tamam sökülüb və ya qırılıb. Ərazinin işıqlandırılması - bunu heç ağlınıza gətirməyin. Yəni axşamın qaranlığında bu ərazidən keçmək yəqin ki, insandan ürək tələb edir: “Bir dənə işıq dirəyi yoxdur burda. Gecələr gəlib oturacaqların altında yatanlar çoxdur. Burda yelləncəkləri uşaqlardan ötəri özüm düzəltdirdim. Amma siqareti çəkib yerə atırlar, tum qabıqlarını ayaq altına çırtlayırlar. Belə etməliyik ki? MƏn elƏmirəm. Amma edənlər var”. “Gördüyünüz bu park baxımsız vəZiyyətdədir. Oturacaqlar sınıq, elə bir şey yoxdur ki, burda rahatlıqdan xəbər versin. Amma elə istirahət mərkəzləri, parklar var ki, istifadəyə verilməsindən az müddət ötür, sakinlər tərəfindən yararsız hala salınır. Bəs bu məsələyə münasibətiniz necədir? Bilirsiniz necədir, gərək baxım və nəzarət güclü ola. Olmayandan sonra kimdir fikir verən?!”. “Bu ərazi keçmiş “Sevinc” kinoteatrının qarşısıdır. Kinoteatrı söküblər, məlumat lövhəsi də vurublar ki, düzələcək. Nə bilim, gözləyirik. İnanırıq ki, təmirdən sonra yaxşı olar”. Sakinlər uzun illərdir bu ərazinin baxımsızlığından şikayətlənir. Bu dəfə həm də özümüzdən özümüzə şikayət edirik: “Naəlacıq, qızım. Harada oturaq? Görürsünüz də özünüz. Burda polisin qarşısında bir yeni park salmışdılar, əhali oranı da bərbad vəziyyətə saldı. Sizcə günün 24 saatında bizə istirahət etdiyimiz guşələrdə nəzarət lazımdır? Məncə hə, nəzarətçi olsa xalq öyrənər. Qızım elə parklar var, işığına kimi kəsib aparıblar, belə insanlar var”. “Hər insan eyni deyil ki, qızım. İnsanlar var, dağıtmağa, qırmağa sındırmağa meyllidir. Düzəltmişdilər bu parkı, baxın, indi oturacaqların yalnız dəmirləri qalıb. Bax, görürsən zibil qabları da qoyulub. Elə bilirsiniz təkcə kişilər belədir? Siqaret kötükləri də var düzdür. Amma tumun qabıqları yerlə birdir. Soçidə oluram qızım, orda inanma ki, kim yerə nəsə ata. Nəzarətçi yoxdur, elə insanlar bir-birinə nəzarət edir”. “Özümüz günahkarıq. Vətəndaşın məsuliyyətini başa düşəni də var, düşməyəni də. Siqaret kötüyünü zibil qabına atsınlar da. Hər şeyə zərər vurublar. Uşaqların əylənməsi üçün hər şeyi sındırıblar. Bilirsinizmi, “Bir dana bir naxırın adını batırır” deyib atalarımız”. Kameramızın obyektivinə bu dəfə Nizami rayonundakı parklar tuş gəldi. Sakinlər baxımsızlıqdan tutmuş, ictimai nəzarətin gücləndirilməsinə kimi hər şeydən danışdılar. Hətta ictimai qınağın olmadığını da dilə gətirdilər. Fürsətdən istifadə edib, Nizami rayondakı digər daxili məhəllələrə, parklara da baş çəkdik. Obyektivlik üçün deyim ki, göz oxşayan gözəlliklərin olduğu məkanlar da az deyil. Həyətlər də abadlaşdırılır. Yaşıllıq bu rayonun ərazisində digərlərinə nisbətən daha yaxşı qorunur. Nizami rayon Mənzil Kommunal Birliyinin baş mühəndisi Bayram Bayramov deyir ki, rayon ərazisində tikinti abadlıq işləri gedir, köhnə həyətlər abadlaşdırılır, yaşılıq zolaqlarına xüsusi diqqət göstərilir. Baxımsız parklara gəlincə isə... “Siz Qara Qarayev ünvanından danışırsınız. Ora sahibkara verilmiş ərazidir. Həmin ərazidə köhnə qəzalı vəziyyətdə olan kinoteatr sökülüb. Onun yerində çox müasir bir infrastruktur olacaq. Market də, kinoteatr da, nə bilim, əyləncə də. Digər xidmətlərin də təşkil olunacağı iaişə obyekti tikilir. Ərazidəki tikinti başa çatdırılandan sonra həmin ərazi, onun qarşısındakı ərazi də müasir səviyyəyə çatdırılacaq”. Bayram müəllim deyir ki, səliqə-sahmanın qorunub saxlanması üçün ictimai qınaq da vacibdir: “İctimai qınaq vacibdir. İnanın, siqaret kötüklərinin əlindən tərpənmək olmur. İnsanlar anlamalıdır ki, axı bu vəsait hər zaman olmaya bilər. Sakinlər özləri də istirahət yerlərini qorumalıdır, biz də nəzarət etməliyik”. Bəli, biz gördüklərimizi göstərdik. Səliqə-sahmana isə özümüz nəzarət etməsək nə ürəyimiz istəyən kimi dincələ, nə də göz oxşayan təmizlikdən zövq ala biləcəyik.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR