Səmanı yardı, dənizdə qərq oldu, torpağa tapşırıldı - PİLOT DƏFN OLUNDU
Qartal görüntülü vətənin səmasından daha bir şahin eniş etdi. Özü də başına dəfələrlə pərvanə kimi dolandığı Xəzərə. Gözləri kimi mavi, saçları kimi sarı olan günəşin ovcundakı dənizə. 27 gün idi ki, almışdı onu bizdən bu dəniz. Sanki öz doğma balasından ayrılmaq istəməyən ana kimi. Axı vətən ona səma, dəniz demədən qucaq açmış, qoynunda bəsləmişdi. Lakin kiçikdən-böyüyə, cavandan-qocaya qədər hər kəs ümidlərin suya düşməyəcəyi günü gözləyirdi. Amma ötən gün aldığımız xəbər bütün ümidlərin üstündən xətt çəkdi. Gözlənilən ümidlər həmin gün su kimi buxarlandı. Tale bu gün onu həmin o qaranlıq gecədən sonra ilk və son dəfə görmək imkanını yaratdı bizə. Son dəfə uçuşunu həyata keçirdiyi gecə kimi qara libasa bürünmüşdü vida mərasimi. Təkcə tabutu o gözəl rənglərin canlandırdığı bayrağa bükülmüşdü. Sanki 27 gün ərzində Xəzərin soyuq sularının dondurduğu bədənini avqust günəşinin istisi canlandırmaq istəyirdi. Amma bədənindən daha çox, ruhu xalq sevgisi ilə isinirdi şəhid pilotumuzun. Belə bir söz var... Şəhidlər yenidən doğulmaq üçün ölür. Çünki yolunu davam etdirənlər olub, var və olacaq. 34 yaşlı pilotumuz Rəşad Atakişiyev də öz yerinə iki oğul övladını yadigar qoydu. Polkovnik-leytenantla rəsmi vida mərasimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil olundu. Vidadan sonra hərbi pilotla dəfn mərasimi həyata keçirildi: “İkinci Fəxri Xiyabanda iyul ayının 24-ü saat 22:00 radələrində təlim-məşq uçuşları zamanı qəzaya uğrayan pilot Rəşad Atakişiyevin son mənzilə yola salınması mərasimi keçirilir. Onun bu dəfə üzü sonuncu dəfə mavi səmaya baxırdı, cənazəsi çiyinlər üstündə rəsmi addımlarla son mənzilinə gətirildi. Pilotun qayınatası, politoloq Qabil Hüseynli xatirələrini bölüşdü: “O, çox gözəl insan idi. Çox böyük intellektə sahib olan insan idi. Daima öz üzərində çalışırdı. Peşəkarlıq səviyyəsini durmadan yüksəldirdi. Mənim zənnimcə, müşahidələrimə görə, Azərbaycanda ən peşəkar pilotlardan biri və yaxud birincisi idi. Mən Rəşadı öz övladım kimi bilirdim. Öz övladım sanırdım. Bu gün mənə baş verənlər öz övladını itirmiş adamınəhval-ruhiyyəsi kimi gəlir”. Daha sonra yaylım atəşi açıldı və pilot Azərbaycan himninin sədaları altında canından çox sevdiyi Vətən torpağına tapşırıldı. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov tabutun üzərindəki bayrağı onun xanımına təqdim etdi. MİQ-29 təyyarəsinin pilotunun ömür gün yoldaşı Könül Hüseynova da Rəşadla bağlı fikirlərini jurnalistlərlə bölüşdü: “Onun məğrurluğu, şücaətliyi bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Çox təəssüf edirik ki, bu arzumuz, bu xəyallarımız baş tutmadı”. Təbii ki, bu arzu yalnız bir nəfərə deyil, bütün xalqa məxsus idi. Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Bəli, torpaq uğrunda ölən varsa, vətəndir. Başın sağ olsun, VƏTƏN!
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."