Şəkiyə yağan leysan fəsadlar törətdi – QAZ XƏTTİNİ İLDIRIM VURDU

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

APA TV-nin məlumatına görə, iyulun 21-dən 22-nə keçən gecədən etibarən ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti daha çox Şəki rayonunda özünü göstərib.

Belə ki, iyulun 22-si şəhərin Aydın Məmmədov küçəsində qaz xəttini ildırım vurub. Nəticədə ərazidə yanğın baş verib. Alov Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.  

Eyni zamanda, yağan leysan nəticəsində yaranan sel suları daxili yolların asfalt qatını yuyub.

Rayon mərkəzi və ətraf yaşayış məntəqələrində ümumilikdə 15-dən yuxarı evin həyətyanı sahəsinə və yaşayış evlərinin zirzəmilərinə yağış suları dolub.

Leysan və sel sularından xilas olunmaq üçün həmin ərazilərə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Leysan yağışları nəticəsində rayonun bir çox ərazisinə elektrik enerjisinin verilməsində də fasilə yaranıb.

Hazırda rayonun müvafiq qurumları leysan yağışı nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR