Şəki sakinindən qeyri-adi dələduzluq
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində online dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə tutulub. Araşdırmalar zamanı məlum olub ki, S. Əsmənzadə instagram sosial şəbəkəsində “prenses_mebel_salonu”, “stil¬_mebel_salonu”, “estello_mebel_salonu” və “arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim etmiş, ucuz mebel dəstləri satacağını vəd etmiş, müəyyən məbləğləri online yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib.
Səbuhi Əsmənzadə Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində müxtəlif evlər kirayələməklə və başqa-başqa şəxslərin adına bank kartı açıb məsuliyyətdən yaxa qurtarmaq üçün mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanı dəyişib. Məlum olub ki, saxlanılan şəxs özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edib.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səbuhi Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələ ki, 5 vətəndaşdan ümumilikdə 6 200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.
Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI