Şəhid övladları üçün əyləncəli maarifləndirici tədbir keçirilib
Aprel şəhidlərinin övladları üçün "Yelkənli idmanın bir günü" adlı əyləncəli-maarifləndirici tədbir keçirilib. APA TV-nin xəbərinə görə, Azərbaycan Yelkən İdman Federasiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi şəhid övladlarının yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi olub. Tədbir zamanı iştirakçılara federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim-məşq düşərgələrində iştirakı, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin gücləndirilməsi barədə məlumat verilib. Yelkənli İdman Federasiyasının mətbuat katibi Tural Müseyibovun sözlərinə görə, bütün bu təlimlər "Laser" və "Optimist" sinfi üzrə beynəlxalq dərəcəli baş məşqçilər Seyhun Yıldız və Tuğçə Subaşı tərəfindən həyata keçirilir: “Təlimlərdə ilkin olaraq yelkən qayıqlardan istifadə etmə qaydaları, sürülmə qaydası, küləklə mübarizə, küləyin istiqamətini təyin etmək izah olunur. Xüsusi vurğulamaq istəyirəm ki, qısa müddət ərzində siz də şahid olacaqsınız ki, bizim uşaqlar Yelkənli İdman Federasiyasının yığma komandasının peşəkar idmançıları tərəfindən qayıqlarda açıq dənizə çıxışı təmin ediləcək”. Daha sonra tədbirə qatılan 16 nəfər iştirakçı üçün açıq dənizdə yelkənli qayıqlarla gəzinti təşkil olunub. İştirakçılar onlara yaradılan şəraitdən razı olduqlarını və belə tədbirlərin daha çox təşkil olunmasını arzuladıqlarını deyiblər. Xatırladaq ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7-14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etməkdir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."