Səfir: “Türkiyədən kənarda ən çox türk şəhid məzarları Azərbaycandadır”
15 sentyabr 1918-ci ildə Bakının qurtuluşu zamanı şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb.
APA TV-nin məlumatına görə, Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ictimai-siyasi xadimlər, Türkiyədən ölkəmizə gəlmiş müharibə veteranları, Qarabağ qaziləri və media nümayəndələri iştirak ediblər.
Türkiyə səfiri iki qardaş ölkə arasındakı münasibətlərin tarixi köklərə dayandığını bildirib: “Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməsi və 15 sentyabr tarixində Bakını düşmənlərdən azad etməsi bugünkü müstəqil Azərbaycanın təməli oldu. Bu hadisə tarixin ən önəmli dönüm nöqtələrindən biridir. Bu gün Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsini böyük ehtiramla anırıq. Çünki onlar həmin gün bizə gələcəyimizi bəxş etdilər. Bu gün Türkiyədən kənarda ən çox türk şəhid məzarlarının olduğu ölkə Azərbaycandır. Bu, boş yerə deyil. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 1130 şəhidimiz burada qardaşlarının bağrında, onların qəlbində yaşamaqdadır”.
Səfir bildirib ki, bir-birinə ürəkdən bağlı olan iki xalq - Azərbaycan və Türkiyə bir ananın iki oğludur. O əlavə edib ki, 101 il öncə Osmanlı dövləti ölüm-qalım mübarizəsi verdiyi zamanda belə öz qardaşının, Azərbaycanın çağırışına hay verib: “Bu gün Azərbaycanda rəsmiyyət qazanmış 14 türk şəhid məzarlığı var. 15 sentyabr münasibətilə bazar günü bir daha şəhidlərimizin ruhunu yad edəcəyik. Onlara bir daha da təşəkkürümüzü bildirəcəyik. Biz də Qafqaz İslam Ordusunun açdığı cığırdan, yoldan hərəkət etdik. Bizə bu yolu hazırlayan ulu öndərlərimiz, liderlərimiz var. Mustafa Kamal Atatürk kimi, Heydər Əliyev kimi. Və bu gün bizə yol göstərən Rəcəb Tayyib Ərdoğan kimi, İlham Əliyev kimi liderlərimiz var”.
Sonda tədbir iştirakçıları Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Bakını düşməndən xilas etməsinə həsr olunmuş rəsm əsərlərini izləyiblər. Türkiyə səfiri Erkan Özoral sərgidə əsərləri olan rəssamlara diplom və hədiyyələr təqdim edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."