Şamaxıda “Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib
Şamaxıda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon İcra hakimiyyətləri dəstək veriblər. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb. Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda xüsusi hazırlanmış geyimlər xüsusilə göz oxşayıb. Gənc könüllü xanımlar baş örtüyü olan kəlağayılardan və araqçından istifadə edib, oğlanlar isə hər an döyüşə hazır olduqlarını göstərən, xüsusi hərbi geyimi xatırladan formada olublar. Geyimlərin məhz bu cür seçilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin qorunmasına göstərilən diqqətin bariz ifadəsidir. Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Belə ki, ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə özündə əks etdirib. Qeyd edək ki, bir neçə ildir 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."