Sahibinə xeyir verən “Hələb keçiləri” - HACIQABULLU FERMERİN TÖVSİYƏLƏRİ
Hacıqabullu fermer heyvandarlıq təsərrüfatında “Hələb keçiləri” saxlayır. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Meyniman kəndində yaşayan Cavid Mürvətli bu cins keçilərin daha artımlı olduğunu deyir. Keçilərin sayı 2 il ərzində 4 dəfədən çox artıb: “2017-ci il sentyabr ayından 10 baş heyvanla bu işə başladım. 2019-cu ilin mart ayının ilk 10 günlüyündə mənim heyvanım artaraq 45 baş oldu. Arada ətinin dadına da baxmışıq. “Hələb keçisi” həm də südlük hesab olunur. Əsasən südünə görə saxlanılır. “Sani” və “Alpin” kimi Avropa cinslərindən verdiyi süddən nisbətən az süd verməsinə baxmayaraq əti həddən artıq ləzzətlidir. böyük heyvan olduğuna görə, üstünlükləri var”. Həm xarici görkəminə, həm də digər özəlliklərinə görə yerli keçilərdən ciddi şəkildə fərqlənən “Hələb keçiləri” çox böyük gəlir gətirə bilir. Heyvanların əsas özəlliyi 2-5 litr süd verməsidir. Keçi südü ana südünə ən yaxın süddür və buna görə də bahadır. İldə 2 dəfə bala verir, cinsinə görə 1, ya da 4 bala verən keçilər də olur. 6 aydan bir balalaya bilir. Saxlanma şəraiti, yemlənməsi çox da böyük əmək tələb etmir. “Hələb keçiləri” kəskin istilərə və mənfi 10 dərəcəyə qədər olan iqlim şəraitinə davamlıdır. Həm də çox təmiz heyvanlardır, onlardan demək olar ki, pis qoxu gəlmir: “Dediyimiz Avropa cinslərindən olan heyvanların bəslənməsi, saxlanması daha çox diqqət, iqlimə həssaslıq olduğundan o cinslər bunlara nisbətən daha çətin saxlanılır. “Hələb keçiləri” ən sərt iqlim şəraitinə, zəif şəraitə daha tez öyrəşə bilir. Qaba və sərt qidalarla qidalana bilir. Xəstəliklərə davamlı, çevrəyə adaptasiya olunmaq üstünlükləri var. Bu heyvanın südü Avropa keçilərinin südündən yağlılığına görə 2 dəfə - 5,9 faizə qədər yağlı olur. Əlbəttə, bu qidalanmadan və loktasiyadan asılı ola bilir. Yağlılığı 3-5,9 faiz arası dəyişə bilir”. Bu heyvanların çəki artırma özəlliyi də var. Demək olar ki, erkəklər yaxşı baxılarsa 2-2,5 yaşlarında 140 kilo çəkiyə qədər çatır. Satışa çıxarılanda qiymətinə gəlincə... “Heyvanları Azərbaycan bazarında 500 manat civarında əldə etmək olur. Südünün pərakəndə qiyməti 3 manat, topdan isə 2-2,5 manata satılır. Xüsusən yay aylarında keçinin südünü dondurmaçılar alır, amma qışdan yaya qədər pendir istehsal etmək daha uyğun olur”. Fermerin üzləşdiyi çətinliklər də var: “Kiçik təsərrüfatlarda südü böyük emal zavodlarına daşımaq, lazımı qaydada saxlamaq çətin olduğundan, biz pendirə üstünlük veririk. Çünki qalanda ziyan olmur. Məhsulu AQTA-nın tələblərinə uyğun saxlamaq üçün avadanlıq lazım olur. Bu da bizim kimi kiçik təsərrüfatlarda yoxdur. Heyvandan əldə olunan məhsulun satışına dəstək lazımdır. Məsələn, regional olaraq südü yaxın məntəqəyə emal müəssisənə çatdırmaq üçün nə isə yaratmaq olsa yaxşı olar”. Fermer heyvandarlıqla məşğul olan şəxslərə bu cins keçiləri təsərrüfatlarına qatmağı məsləhət görür.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."