Rafael Cəbrayılov deputat mandatından imtina etdi

Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

 

APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

 

O deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.

 

R.Cəbrayılov müraciətində bildirib ki, həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.

 

Ə. Hüseynli qeyd edib ki, Konstitusiyada bu hal 89-cu maddənin 5-ci bəndində nəzərdə tutulub: “Bu məsələ ilə bağlı Milli Məclis hər hansı qərar qəbul etmir. Protokol qaydasında müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinin 175-ci maddəsinə uyğun Mərkəzi Seçki Komissiyası deputatın mandatından məhrum edilməsi barədə qərar qəbul edir”.

 

Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul edəcək.

 

Deputat Siyavuş Novruzov çıxışında Seçki Məcəlləsinə diqqət çəkərək qeyd edib ki, bələdiyyə üzvlüyünə namizədlər üçün prezidentliyə namizədlər kimi 70 səhifə sənəd toplanmalıdır: “Bu, düzgün sayıla bilməz. Ona görə də bu sahədə qanunvericiliyə yenidən baxmaq lazımdır”.

 

Deputat Qüdrət Həsənquliyev sentyabrın 28-də bir qrup Qarabağ müharibəsi əlili ilə SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş vermiş insidentə toxunub. Deputat deyib ki, bu barədə qanunun qəbul edilməsinə ehtiyac var: “Polis həmin hadisə zamanı təmkin nümayiş etdirdi. Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın. Araşdırmaq lazımdır ki, niyə əlillərin belə əsəbi reaksiyası var? Sökülən evin ətrafında evlər var. Əlillər də deyir ki, niyə həmin ev sökülmür, amma onlara qarşı belə münasibət göstərilir? Digər tərəfdən, belə hallarda məhkəmə qərar verməlidir. Ancaq Neft Şirkətinin əməkdaşları elə durum yaradır, polisi dəvət edirlər və belə hal ortaya çıxır. Polisi belə təxribatlara cəlb etmək olmaz”.

 

Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Çünki avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur:

 

“Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.

 

Plenar iclas qanun layihələrinin müzakirəsi ilə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR