Rafael Cəbrayılov artıq deputat deyil - MSK QƏRAR VERDİ

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb: “Növbəti məsələ V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsidir”.

APA TV-nin məlumatina görə, iclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib: “Əgər deputat mandatı, deputat fəaliyyəti ilə bir araya sığmayan digər bir fəaliyyətlə məşğul olursa, bu, həm millət vəkilinin, həm də ümumən Milli Məclisin adına xələl gətirən bir fəaliyyət kimi qiymətləndirilməlidir. Əlbəttə ki, biz MSK olaraq geniş araşdırmalar niyyətində deyilik. Özü Milli Məclisə müraciət edərək istefa vermək istəyib”.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

MSK katibi Mikayıl Rəhimov Rafael Cəbrayılovun deputatlıq fəaliyyəti dövründə insanların etibarından sui-istifadə etməsinin hər bir seçicidə ciddi təəssüf hissi doğurduğunu bildirib: “Mən hesab edirəm ki, Azərbaycan cəmiyyətinin ciddi reaksiyası onun özündə də fikir yarada bildi ki, onun bir araya sığmayan hərəkətləri və fəaliyyətləri Azərbaycan xalqında, Azərbaycan seçicisində çox ciddi narahatlıq və nigarançılıq yaradıb. Hər halda, bir millət vəkilinə yaraşmayan bir fəaliyyət növü ilə məşğul olmaq, bu fəaliyyətlə məşğul olarkən insanların hüquqlarını pozmaq, kimlərinsə etibarından sui-istifadə etməsi hər bir seçicidə haqlı olaraq narahatlıq yaratdı. Bu gün də MSK millət vəkili adına layiq olmayan Rafael Cəbrayılovun işinə baxaraq, onu deputatlıq mandatından məhrum etdi”.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, MSK üzvü Hüseyn Paşayev isə deyib ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb. “Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub” - deyə, H.Paşayev qeyd edib.


İclasda MSK-ın bəzi normativ xarakterli aktlarına dair məsələlər də müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR