Qurban Qurbanov çox ləyaqətli hərəkət etdi - PREZİDENT
“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib.
“O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin futbolçusu İbrahima Vadjinin əllə vurduğu qol hakim tərəfindən qeydə alınıb. Baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirib və qol qərarı ləğv edilib.
OXŞAR XƏBƏRLƏR
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı