Qəbələ kətan üzərinə köçür - FƏSİLLƏRİ FIRÇALAR DƏYİŞƏCƏK

 

Azərbaycanın tanınmış rəssamları Qəbələdə "Art Zone Week" adlı rəngkarlıq simpoziumunda iştirak edir. APA TV-nin yerli bürosunun məlumatına görə, simpoziuma sentyabrın 7-də start verilib. “Gilan Hospitality Group” tərəfindən həyata keçirilən sosial yönümlü bu layihədən əsas məqsəd Qəbələni əsrarəngiz turzim bölgəsi kimi tanımaqla bərabər, rayonun orta məktəb şagirdləri arasında bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olanlara "Ustad dərsləri" keçməkdir. "ART Zone Week"də iştirak edən Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Yelena Haqverdiyeva, Vüqar Muradov, eləcə də tanınmış fırça ustaları Elnur Babayev, Anar Hüseynzadə, Emin Əskərov Qəbələnin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri çəkəcək. Bu əsərlər növbəti dəfə keçiriləcək ənənəvi "Art Zone Week" yaradıcılıq həftəsi çərçivəsində sərgilənəcək. Hazırda Qəbələdə təməli qoyulan və sentyabrın 13-dək davam edəcək bu yeni mədəniyyət tədbirinin gələcəkdə xarici rəssamların iştirakı ilə müxtəlif fəsillərdə təşkili nəzərdə tutulur. Rəssamlar onların yaradıcılıqla məşğul olması üçün yüksək şərait yaradılmasından məmnundur. Fırça ustaları Bakıdan rayona, gözəl təbiət qoynuna gəldiklərini, Qəbələdə kənd həyatı, əsrarəngiz təbiətlə tanışlıq zamanı çoxlu yeni mövzular tapdıqlarını, gözəl təəsüratlarla maraqlı əsərlər çəkəcəklərini bildiriblər. Azərbaycanda ilk dəfə təşkil edilən bu rəngkarlıq simpoziumunun əhəmiyyətini yüksək qiymətləndirən rəssamlar hazırda yağışlı hava olduğu üçün Qəbələnin “Qafqaz Sport” otelindəki emalatxanada təbiət təsvirlərindən maraqlı kompozisiyalar yaradır. Onlar sabahdan başlayaraq təbiət qoynunda naturanı, öz təxəyyüllərinin məhsulunu kətan üzərinə köçürəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR