Qaxda 13 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Qax rayonunda M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44,5 km uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması yekunlaşır. Bu yollar üzərində yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yollarI da yerləşir.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, dağ yamacı hissəsində çay daşından 2,2 km uzunluğunda istinad divarının inşası, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız örtüyün, əsasın və torpaq yatağının qazılaraq çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılıb.
Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 48 yerdə uzunluğu 461 paqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.
Yol yatağı hazır olan hissələrdə yol əsasının qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə layihədə nəzərdə tutulmuş qalınlıqda inşası işləri aparılıb. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir. Artıq yol boyu əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır.
Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 175 ədəd yol nişanı, 24 ədəd məlumatverici lövhə, 45 ədəd km göstəricisi, 880 ədəd siqnal dirəyi, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 460 paqonmetr əyrixətli dəmir tirlər quraşdırılacaq, 132 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək, həmçinin 14 ədəd avtobus dayanacağı inşa ediləcək: "Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Layihəyə uyğun olaraq Əyriçay üzərində yerləşən və uzunluğu 60 metr, eni isə 11,5 metr olan körpünün təmiri işləri də görülür".
Qeyd edək ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə 4,5 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsi arasında yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaranacaq, bölgənin turizm potensialının möhkəmləndirilməsinə xidmət göstəriləcək və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan genişlənəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."