Qarabağ qaziləri: “Prezident bizi, biz də prezidenti dəstəkləyirik”
Bir qrup Qarabağ qazisi Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə baş verən insidenti siyasiləşdirmək istəyən qüvvələrə etiraz olaraq mətbuat konfransı keçirib.
APA TV-nin məlumatına görə, konfransda deputat Çingiz Qənizadə, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və 18 Qarabağ qazisi iştirak edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bu hadisəyə hüquqi qiymət verilməsini doğru olacağını bildirib: "Hadisə təbii ki, xoşagəlməzdir. Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün canımızla, qanımızla döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".
Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidentin bəzi qüvvələrin marağına xidmət etdiyini qeyd edib: "Qarabağ qaziləri Azərbaycanın qızıl fonduna daxildir. Çünki Vətəni qorumaq ən şərəfli işdir. Amma dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti qaziləri, qazilər də dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər aradan qaldırılacaq”.
Deputat Çingiz Qənizadə bəzi qüvvələrin baş verən hadisədən istifadə edərək, ölkədə gərginlik yaratmaq istədiklərini bildirib: "Müharibə şəraitində olsaq da, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. Belə bir dövrdə Qarabağ qazilərinin prezident İlham Əliyevin siyasətini dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".
Konfransda iştirak edən Qarabağ qaziləri də baş verən hadisəni siyasiləşdirməyin əleyhinə olduqlarını qeyd ediblər.
Həmidağa Məcidov,
Xəyal Şükürlü,
APA TV
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi