Qapılar açıldı, “Xətai” stansiyası istifadədə! - 1 İLDƏN SONRA

 

Bakı metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilib.

APA TV-nin məlumatına görə, stansiyada müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb. 2018-ci il sentyabrın 27-də bağlanmış stansiyada eskalatorlar sökülərək, Almaniya istehsalı olan yeniləri ilə əvəzlənib.

“Eskalatorların maşın zalı əsaslı təmir olunmaqla, yeni avadanlığın quraşdırılması üçün zəruri tədbirlər görülüb”.

Yeni eskalatorların çəkisi 4-8 ton olan hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya quraşdırılıb, yeni dayaqlar hesabına vestibül döşəməsinin möhkəmliyi artırılıb. Stansiyasının yerləşdiyi ərazinin ağır geoloji mühiti nəzərə alınmaqla, təmir-bərpa zamanı etibarlı və davamlı materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilib.

"Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov havalanma və digər mühəndislik qurğularının yeniləri ilə əvəz olunduğunu bildirib: “Stansiyada tək bu işlər görülməyib. Bütün bu işlərlə paralel olaraq, havalanma sistemi yeniləri ilə əvəz olunub, yanğın işarə verməsi son model olaraq, yeni işarəvermə sistemləri ilə yenilənib. Bu kimi mühəndislik qurğuları yeniləri ilə əvəz olunub, əsaslı təmir işləri aparılıb”.

Hidayət Məmmədov daha sonra, “Xətai” stansiyasının şəhərin ətrafına təsir edəcək yerüstü vestübülə malik olduğunu bildirib: “Özünüz görürsünüz ki, dizayn və görkəm baxımından “Şah İsmayıl Xətai” stansiyası o stansiyalardandır ki, o şəhərin ətrafına təsir edəcək yerüstü vestübülə malikdir. Aydın məsələdir ki, təmir işlərinin getməyinin əsasında onun yerüstü vestübülünə də nəzər yetirilməli və bu işlər burda da aparılmalı idi”.

“Mühüm məsələlərdən biri stansiyanın giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətaiyə və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyalarının bərpası idi. Bərpa edilmiş kompozisiyalar milli memarlıq elementləri ilə zənginləşdirilib”.

Stansiyanın döşəməsinə və divarın alt hissəsinə metro inşaatı texnologiyasının tələblərinə uyğun olaraq cilalanmış təbii qranit vurulub. Memarlıq baxımından stansiyanın platforma səviyyəsində Almaniya istehsalı olan 3D divar panellərindən və sinklənmiş tavanlarından istifadə olunub. Platforma səviyyəsinin dizayn həlli “Xətai” stansiyasını özünəməxsusluğu və müasirliyi ilə seçilən stansiyalardan birinə çevirib.

Əsaslı təmir və yenidənqurmanın son mərhələsində “Xətai” stansiyasının ətrafı abadlaşdırılıb, stansiya kompleksinin ümumi ansamblını tamamlayan işıqlanma sistemi qurulub, yaşıllıqlar salınıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR