Polis sərnişinlərlə maraqlandı: “Susamısız? - REYD

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində hərəkət edən avtomobil sahibləri ilə maarifləndirici reyd keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, əsasən sərnişin daşıyan xırda və iritutumlu avtobuslar yoxlanılıb və sərnişinlərlə də söhbət aparılıb. İsti hava şəraiti ilə əlaqədar olaraq sürücü və sərnişinlərə su təklif edilib. Onların sağlamlığı barədə soruşulub: “Saxladılar, haradan gəldiyimizi, yorğunluğumuzun olub-olmadığını, susayıb-sasamadığımızı soruşdular. Əlavə sürücüyə ehtiyac olub-olmadığı ilə maraqlandılar. Çox sağolsunlar, stasionar postlarda belə xidmət olsa, çox gözəl olar”. “Məşhəd ziyarətindən gəlirik. Allah hər kəsə nəsib eləsin. Bizi yolda saxladılar. Bizimlə çox xoş münasibətlə danışdılar, davrandılar. Bizə uğurlu yollar arzuladılar. Sürücümüzə də tövsiyələrini verdilər. Çox razıyıq”. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıb. Mal-qara və satış məqsədilə ət məhsulları daşıyan sürücülərdən müvafiq sənədlər soruşulub: “Cəlilabaddan almışdım, sənəd lazım olduğunu bilmirdim. Öyrəndim ki, sənəd lazımdır. Gələn səfər alanda sənədimizi gətirərik, təqdim edərik, maşınımızı sürüb gedərik”. Reyd zamanı 40-dan çox avtomobil saxlanılıb. Daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə rast gəlinib. Onlara bunun təhlükəli nəticələri barədə bir daha məlumat verilib: “Ümumilikdə bu tədbirdə bütün növ nəqliyyat vasitələrinin müəyyən qədəri saxlanıldı. Onların içində əsas üstünlük təşkil edən bizdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləridir ki, əsas onları yoxladıq. Digər nəqliyyatlarda təhlükəsizlik kəmərindən istifadə etməyən, yükdaşıma qaydasını pozan, sərnişindaşıma qabağı sərxoşluq müayinəsindən keçməyən bu kimi hallar da aşkarlandı, haqlarında inzibati qaydada tədbir görüldü”. Qeyd edək ki, bu cür maarifləndirici reydlər digər yollarda da davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR