Polis məktəbdəki insidenti araşdırmağa başladı – APA TV
Bakıda müəllimin şagirdlərə əl qaldırması və bağıraraq danışdığı əks olunan videogörüntünün yayılmasından sonra məsələyə rəsmi qurumlar reaksiya verməyə başlayıb. DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis müəllimin şagirdlərə şiddət göstərməsi ilə bağlı araşdırma aparır. Qeyd edək ki, hadisə 9.01.2023-cü il tarixində Bakıda yerləşən 59 nömrəli tam orta məktəbdə qeydə alınıb. Adı hallanan tədris müəssisəsindən də məsələyə münasibət bildirilib. Təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi müəllimlə söhbət aparıb. Məktəbdən APA-ya verilən xəbərə görə, müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib. Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar məktəbə dəvət olunub. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması məktəblilərin valideynləri tərəfindən də qətiyyətlə qınanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb