Plastikamızı məhv edən plastik qablar – REPORTAJ

Su hər bir canlının həyatında vacib rol oynayır. Həyatı susuz təsəvvür etmək mümkün deyil. Əvəzolunmaz yaşam mənbəyi olan suyu ev şəraitində bəzən özümüz süzərək və ya qaynadaraq ziyanlı maddələrin xaric olunmasını təmin edir, sonra içirik. Evdən kənarda isə plastik qablarda satılan su, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bəs bu cür qablarda satılan suyun nə dərəcədə saf olduğunu necə bilə bilərik?

 

AQTA-nın mütəxəssisi Cavidan Quliyevin sözlərinə görə, suyun dadında plastikin dadı və qoxusu varsa, bu o deməkdir ki, həmin qablaşma materialının içərisinə hər hansı toksiki maddələr miqrasiya etmiş hesab edilir.

 

Mütəxəssislər deyir ki, plastik su qablarının üzərində onların məhz hansı materialdan hazırlandıqlarına dair qeydlər olur. Bu məlumat olduqca önəmlidir. Çünki istənilən plastik materialdan olan su qablarının tərkibinə müxtəlif dərəcədə təhlükəli kimyəvi maddələr qarışır: “Plastik tərkibli qablar əsasən təkrar emal məhsullarından alınır. Burada xüsusi nüans var ki, bunlardan da biri məhsulların saxlanma şəraitidir. Əgər bu qablaşdırma materialları günəş şüalarının təsirinə birbaşa məruz qalırsa, uyğun olmayan temperatur şəraitində normadan artıq saxlanılırsa, artıq qablaşma məhsulunun tərkibindən içərisindəki qidaya toksiki maddələr, ağır metallar, müxtəlif polimerlər daxil ola bilir”.

 

Bəs bu plastik materiallardan hansı sağlamlığımız üçün daha çox zərərlidir? Bunu ayırd etmək üçün bəzi standartlar var ki, bunu da əksər alıcılar bilmir.

 

Cavidan Quliyev deyir ki, plastik qablar seçərkən insanlar diqqətli olmalıdırlar: “Qabların üzərində olan xüsusi simvollar var. Bu işarələrdə göstərilir ki, bu plastik qablar orqanizmə nə qədər təsir göstərə bilər. Məsələn, adi sular, qazlı suların hamısında PET ya da PETE olaraq bilinən simvollar geniş yayılmış plastik qablar sırasındadır. Bu, ən təhlükəsiz qablaşdırma məhsuludur. Bunların içərisində PS, PVC, PC markalı olanlar isə daha zərərli hesab olunur”.

 

Bu qablaşma materialının üzərində xüsusi “PET (1)” simvolu göstərilib ki, bu da digərlərinə nisbətdə insan orqanizminə daha zərərsiz hesab olunur. Hətta bu tip qablar, üzərində göstərildiyi kimi, birdəfəlik istifadə üçündür. Bunun içərisində olan suyu biz istifadə etdikdən sonra yenidən onun içərisinə su doldurub içmək məsləhət deyil. Çünki bu zaman plastik qabda olan maddələr orqanizmimizə ziyan vura bilir.

 

Digər xüsusi “PS” simvolu da var ki, bu simvol əsasən kofe stəkanları və ya birdəfəlik istifadə edilən plastik məhsulların hazırlanması üçün istifadə olunur. Belə məhsullar isidildikdə, ondan təhlükəli kimyəvi birləşmələr ayrılır. Elə həkimlər də həyəcan təbili çalır. Həkim-pediatr Əli Quliyevin sözlərinə görə, əmziklər və uşaqlar üçün süd butulkaları başda olmaqla bir çox plastik məhsulda istifadə edilən “BPA” maddəsi yeniyetmə və uşaqların, xüsusilə də 1 yaşadək körpələrin inkişafına mənfi təsir edir: “İstehlakçıya təklif edilən əmziklərin çoxunda “Bisfenol A” tərkibli polikarbonatdan istehsal olunur. “Bisfenol A” əmziyin içindəki mayeyə keçə bilən, hormon sisteminə zərər verən kimyəvi maddədir. Bu maddə körpə əmzikləri ilə yanaşı, su şüşələrində, tibbi cihazlarda, idman ləvazimatlarında, plastik qablar kimi bir çox məhsulda var. “Bisfenol A maddəsi uşaqlarda immun sisteminin zəifləməsi, qısırlıq, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb ola bilir”.

 

Ölümcül təhlükə yaratdığı üçün ABŞ, Kanada, Danimarka, Fransa, İtaliya olmaq üzrə dünyanın bir çox ölkəsində istehsalı dayandırılan əmzik və plastik süd-su şüşələri həzm sistemində problemlər, immunitet zəifliyi, psixi problemlər, piylənmə, hiperaktivlik, ürək xəstəliyi, qızlarda döş xərçəngi və sonsuzluq kimi xəstəliklərə səbəb olur. Bununla yanaşı, plastik və polietilen qablar ekologiyaya da ciddi zərər vurur. Mütəxəssislər deyir ki, plastik qablar təbiətdə ən az 400, ən çox 800 il ərzində çürüməyə məruz qalır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyir ki, nazirlik tərəfindən ötən ildən plastik qabların toplanması üçün xüsusi konteynerlər hazırlanıb: “Bakı, Gəncə, Sumqayıt şəhərləri başda olmaqla ümumilikdə 37 şəhər və rayon mərkəzində 200-dən artıq konteynerlər quraşdırılıb. Ötən illə müqayisədə paytaxtda belə qabların toplanması və təkrar emala göndərilməsi 12 faiz, regionlarda isə 40 faiz artıb”.

 

Hər halda, nəticədə etibarilə həyat üçün vacib olan su sonda təbiəti və həyatımızı zəhərləmiş olur. Çalışaq təbiətimizi və həyatımızı zəhərləməyək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR