Nəqliyyat mübadilə mərkəzindən reportaj - KİM, HARA, NECƏ?

 

“Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsidir. Bu məqsədlə paytaxtda yeni Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib”.

Paytaxtın şimal-şərqində yerləşən ətraf kənd və qəsəbələrdən şəhər mərkəzinə gələn avtobusların cəmləşdiyi, ictimai nəqliyyat sisteminin isə yeniliyi olan - “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi. Bura Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yaradılıb. Məqsəd sərnişinlərin rahat gediş-gəlişini təmin etmək, nəqliyyat sıxlığını aradan qaldırmaqdır. Mərkəz ilk dəfə 2016-cı ildə yüngül konstruksiyalardan hazırlanıb. Lakin əhalidən gələn müraciətlərlə bağlı bura 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb.

“Mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və isitmə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var”.

Zallar Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları əks etdirən yazılı məlumatlar əsasında tərtib edilib. Hər zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri quraşdırılıb ki, burada sərnişinlər mütaliə edə bilər. Mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq guşəsi, sanitar qovşağı inşa edilib. Həmçinin görmə və fiziki imkanları məhdud olan şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün də şərait yaradılıb. O ki, qaldı mərkəzin istifadəyə verilmə tarixinə gəlincə, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, işlər yekunlaşmaq üzrədir: “Buradan istifadə edən marşrut xətləri üzrə avtobus sürücülərin yaxın 1-2 gün ərzində test sürüşü həyata keçiriləcək. Hər bir marşrut xətti üzrə avtobuslar hansı dayanacağa yan almalıdır, harada gözləməlidir, necə giriş-çıxış olmalıdır - bütün bunlar sürücülərə tam tanıdıldıqdan, təlimatlandırma işləri tamamlandıqdan sonra sərnişinlərin istifadəsinə veriləcək”.

İstifadəyə verildiyi ilk günlərdə məlumatlandırma məqsədilə məkanda könüllülər də fəaliyyət göstərəcək.

“Ümumilikdə, 3 hektar ərazisi olan Nəqliyyat Mübadilə Mərkəzində 30 xətt üzrə 450 avtobus sərnişinlərə xidmət göstərəcək”.

Avtobuslarla səfər edən sərnişinlərin sayının gündəlik 270 minə çatacağı gözlənilir. Bununla yanaşı, “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Hava Limanı və əks istiqamətdə hərəkət edən avtobusların 2-ci dayanacağı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR