Nazir sərt danışdı: “Vergidən yayınmaqla pul qazananların səsi gur gəlir”

“Bu ilin ilk yarısında proqnozdan əlavə Azərbaycanın qeyri-neft sektorundan dövlət büdcəsinə vergi daxilolmalarının məbləği 180 mln. manata yaxın olub”. APA TV-nin məlumatına görə, bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu göstərici proqnozdan 112 faiz artıq olub. Çıxışı zamanı Azərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması məsələsinə toxunan nazir onu da bildirib ki, müşahidələr və təhlillər biznesin leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçdiyini göstərir: "Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır". Nazir vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və leqallaşma – sağlam mühit, sağlam rəqabət şəraitidir. Bu təkcə yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici istehsalçılar üçün əhəmiyyətli amildir. Tədbirdə çıxış edən Səfər Mehdiyev hazırda Dövlət Gömrük Komitəsi(DGK) kölgə iqtisadiyyatına qarşı mübarizə ilə bağlı bir neçə istiqamətdə mübarizə aparır. Səfər Mehdiyev deyib ki, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Buna misal olaraq hazırda sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatının tam avtomatlaşdırılması göstərilib. Bununla da qeydiyyatsız malların ölkəyə girişinə qadağa qoyulub: “Keçən il Dövlət Gömrük Komitəsi 1 mlrd. manatdan artıq vəsaitini büdcəyə köçürüb. Bu il də dövlət büdcəsinə əlavə 500 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur. DGK-nin dövlət büdcəsinə 1,3 mlrd. manat köçürməsi nəzərdə tutulsa da, bu vəsaitin 1,8 mlrd. manat olması gözlənilir”. Səfər Mehdiyev “Doing Business”in Azərbaycanla bağlı hesabatına da münasibət bildirib. Komitə sədri hesab edir ki, hesabatda əsasən Azərbaycanda bir nəqliyyat vasitəsinin ölkəyə keçidi üçün 17-18 saat göstərilir. Bu o deməkdir ki, bütün keçid məntəqələri nəzərə alınsa, ölkəyə gün ərzində 100 nəqliyyat vasitəsi buraxılır. Bu isə absurd göstəricidir. Qeyd edək ki, konfransda ümumilikdə 30-a yaxın təqdimat dinlənilib və müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR