Nazir müavini: “Vətəndaşlar həmin subsidiya vasitələrini...”
“Yeni aqrar sığorta mexanizmi kənd təsərrüfatı istehsalçılarının, yəni fermerlərin bu sahədə yaşadığı risklərin qarşılanması, investisiya cəlbediciliyinin artırılması və dövlət vəsaitinin, eyni zamanda aqrar sığortalıların, fermerlərin ödədiyi vəsaitin səmərəli istifadəsini nəzərdə tutur”. APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib. Onun sözlərinə görə, yeni aqrar sığorta mexanizmində bir sıra yeniliklər nəzərdə tutulub: “Aqrar Sığorta Fondu fermerlərin bütün irad və təkliflərini dinləyəcək qurum olmaqla yanaşı, dövlət vəsaitinin səmərəli istifadəsinə və bu mexanizmin işlək vəziyyətdə olmasına nəzarət edəcək. Bu sahədə investisiya cəlbediciliyinin artırılması ilə bağlı dövlət-özəl tərəfdaşlığı nəzərdə tutulub. Fərmana əsasən, aqrar sığortanın tətbiqini həyata keçirəcək qurum formalaşdırılacaq. Bu, ölkədə fəaliyyət göstərən bütün sığortaçıların bərabər payları ilə iştirak edə biləcəyi bir qurum olacaq”. Qurum aqrar sığorta üzrə formalaşdırılacaq məhsulların fermerlərə çatdırılmasını həyata keçirəcəyini deyən nazir müavini onu da bildirdi ki, fermerlərin aqrar sığorta xidmətləri ala bilməsini təmin edəcək. Bu zaman müştərək sığorta mexanizmində dövlət vəsaitinin aqrar sığortada istifadəsi də nəzərdə tutulub. Yəni aqrar sığorta haqlarının müəyyən qismi fermerlər, müəyyən qismi isə dövlət tərəfindən qarşılanacaq. Yeni qanunla aqrar sığorta risklərinin və aqrar sığorta predmetinin əhatə dairəsi genişləndirilib. Artıq sadəcə bitkiçilik məhsulları üzrə deyil, bütün kənd təsərrüfatı məhsulları üzrə sığorta mexanizmi işlənmiş olacaq: "Aqrar sığorta risklərinin əhatə dairəsi genişləndirilib. Sadəcə təbii fəlakətlər, yəni sel, yanğın deyil, eyni zamanda üçüncü şəxslərin hərəkətləri, heyvandarlıq, bitkiçilik sahəsində yayılan zərərvericilər də sığorta mexanizminin risklərinin tərkibində ehtiva edilmiş olacaq. Nəticədə kənd təsərrüfatı istehsalının davamlılığında böyük bir amil olan sığorta mexanizmi onlara öz köməyini göstərmiş olacaq”. Qeyd edək ki, prezident İlham Əliyev ötən gün “Aqrar sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."