Nazir müavini: “Məktəbdə şagirdlərin beyni əhəmiyyətsiz məzmunla doldurulur”

Bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbəhazırlıq təhsilinə cəlb olunub, bu isə kifayət qədər yaxşı göstəricidir.

APA TV-nin məlumnatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hər bir məktəb hazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir: “Bu uşaqlara kimlər dərs deyəcək, onlarla fəaliyyətdə hansı prioritetlər olacaq, məktəb valideyni necə maarifləndirəcək kimi sualların cavabını müəllim verə bilməz. Ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlərin məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşdüyünə əmin deyilik. Onlar sanki bu prosesdən kənarda qalıblar”.

Nazir müavini bildirib ki, yanlış informasiyalar ən çox gənclərə zərər vurur: "Müəllimlər bu informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar. Məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti uşaqlara əzbərlədirlər. Onun əsasında da uşaqlara summativ qiymətləndirmə yazırlar. Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir, amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev isə qeyd edib ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə idarə tərəfindən 1145 vakansiya təqdim edilib, həmin vakansiyalar üzrə ümumilikdə 790 nəfərin daimi əsaslarla işə qəbulu həyata keçirilib, müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 müəllim müddətli müqavilə ilə işə qəbul üçün göndərilib: “Qarşıdakı müddətdə ümumtəhsil məktəblərində və məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqi, müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük”.

Tədbir bədii kompozisiya ilə yekunlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR