Nazir müavini: “Aşağı nəticə göstərən müəllimlərimiz var”
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan Texniki Universitetinin (ATU) idman zalında təşkil edilən mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, ekspertlər, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları imtahan prosesi ilə bağlı məlumatlandırılıb, imtahanın gedişini yaxından izləyiblər. Bildirilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində isə 48204 namizəd iştirak hüququ qazanıb. Bu gün isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin mərhələsinin növbəti günündə ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir. İmtahanın gedişini izləyən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, bu günə qədər imtahanda iştirak edən müəllimlərin nəticələrinə nəzərə salsaq görərik ki, nəticələr əvvəlki illərdən xüsusilə seçilmir: “Bu il də yüksək, o cümlədən aşağı nəticə göstərən müəllimlərimiz var. Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilməsi və işlə təmin olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. 48 mindən artıq insanın bu imtahanda iştirak etməsi müəllimlik peşəsinə olan marağın və peşənin nüfuzunun artırılmasının bariz nümunəsidir”. Nazir müavini bildirib ki, 2018-2019 tədris ili üzrə işə qəbul imtahanı başlayandan bu günə kimi müəllimlər 2280 sual cavablandırılıb və həmin suallar arasında 8-in səhv olduğu müəyyənləşdirilib: “Əgər texniki nasazlıq bu müddət ərzində baş verirsə və iştirakçı bu problemi imtahan gedişi bitməzdən əvvəl nəzarətçilərə məlumat verilməlidir. İmtahan bitdikdən sonra iştirakçıların müraciətlərinə söz yox ki, araşdırıla bilər, amma bu şəxsin imtahan nəticələrinə müsbət təsir edib etməyəcəyi sualdır”. Nazir müavini əlavə edib ki, imtahanlar bitdikdən sonra Təhsil Nazirliyi 8-24 iyul tarixlərində keçirilən imtahanlarda baş vermiş bütün texniki nasazlıqlar və məzmunla bağlı səhvlər barədə açıqlama verəcək. M. Vəliyeva bu günlərdə imtahan zamanı başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdinin olduğunu bildirib: "Bu cəhdin imtahan təşkilatçıları tərəfindən qarşısı alınıb. Bununla bağlı Təhsil Nazirliyi müvafiq addım atacaq". Mediaturda iştirak edən “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva deyib ki, çox sevindirici haldır ki, imtahan verən iştirakçıların əksəriyyəti gənclərdən ibarətdir: “Bu imtahan müəllimin nüfuzunun qalxmasına böyük bir təkan verir. Bu müəllim peşəsinin hər zaman şərəfli peşə olduğunu sübutudur. Savadlı, peşəkar müəllim, həm də intellektli və savadlı gəncliyin yetişdirilməsi deməkdir”. İbtidai rus bölməsi üzrə imtahan verən və 55 bal toplayan Gəncə şəhər sakini Aynurə Nəcəfova deyib ki, imtahan çox rahat keçdi: “Heç bir çətinliyim olmadı, demək olar ki, yarım saat tez bitirdim, əmin olmaq üçün iki dəfə baxmağa vaxtım oldu. Hazırlaşmışdım deyə özümü imtahana tam hazır hiss edirdim”. Xətai rayonu 269 nömrəli məktəbin ibtidai sinif müəlliməsi Turanə Kərimova isə yüksək nəticə göstərəcəyinə inandığını bildirib: “Nəticəm yüksəkdir, ona görə sevinirəm. İmtahan çox şəffaf keçdi, suallar çox asan idi. Heç bir qayda pozuntusuna rast gəlmədim”. Qeyd edək ki, iyulun 8-dən etibarən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur. Xatırladaq ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."