Diplomatlar Buzovna çimərliyini təmizlədi

 

“Gəlin, Xəzəri qoruyaq!” Buzovna çimərliyi ərazisində bu dəfə keçirilən təmizlik aksiyası bu şüarla baş tutub.

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "ASAN Xidmət", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev belə aksiyaların artıq geniş vüsət almış hərəkat olduğunu deyir. Onun fikrincə, yüzlərlə iştirakçının qoşulduğu bu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev hesab edir ki, yay mövsümü bitdikdən sonra sahilyanı ərazilərimizin təmizlənməsinin böyük rəmzi mənası var və bu təşəbbüsə 500-dən çox "ASAN" könüllüsü qoşulub.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas isə bildirib ki, İttifaq gələcəyin hər zaman təmiz və yaşıl olması barədə düşünür: "Buna görə Azərbaycanla əməkdaşlıq etməkdən çox məmnunuq. Plastik tullantıların çürüməsinə 100 ildən çox vaxt gedir. Bu tullantılar dənizdə balıqların qidası olur, sonra isə həmin balıqları özümüz yeyirik. Ancaq biz buna layiq deyilik. Ona görə də çalışmalıyıq ki, təmizlədiyimiz ərazilər həmişə təmiz qalsın".

Böyük Britaniya səfirinin müavini Filipp Barkley də tədbirə qatılanlar arasında olub: “Biz Britaniya səfirliyinin nümayəndələri də burada təbiəti təmizləyirik. Burada plastik qablar və torbalar toplamışıq. Bütün bu zibillər dənizdə də ola bilərdi. Sevindirici haldır ki, Azərbaycan gəncliyi aktiv iştirak edir və onlar yaşıl həyatda yaşamaq arzusundadırlar”.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR