Narkotik qəbul edib sərnişin daşıyan sürücü saxlanılıb

Dövlət Yol Polis Bölməsinin əməkdaşları Astarada nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirib.

APA TV-nin cənub bürosunun məlumatına görə, reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb və narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb.

Taksi kimi idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan paytaxtın Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, maşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib.

Hərəkətləri şübhə doğurduğu üçün sürücü tibbi müayinəyə dəvət edilib. Müayinə nəticəsində Əvəz Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Reyd zamanı istismar müddəti bitmiş, hər an nasazlıq yarana biləcək, həmçinin ətrafdakı nəqliyyat vasitələri və piyadalar üçün təhlükələrə səbəb olacaq minik avtomobillərinin sürücüləri saxlanılıb. Bununla yanaşı, spirtli içki qəbul etmiş, sürücülük vəsiqəsi olmayan vətəndaşlara müvafiq qaydada protokollar tətbiq olunub.

Qeyd edək ki, rayon ərazisində bu kimi reydlər mütəmadi olaraq keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR