Mingəçevirdə 100-dən çox avtomobil saxlanıldı - REYD

 

Mingəçevirdə yol polisi reyd keçirib. APA TV-nın yerli bürosunun məlumatına görə, “Təmiz hava” aylığı çərçivəsində həyata keçirilən reyd əsasən şəhərin Təbriz küçəsində və Gəncə şosesində gerçəkləşdirilib. Reyd zamanı mühərrikindən havaya normadan artıq zərərli tullantılar buraxan avtomobillər müəyyən olunaraq bir qisim sürücüyə qarşı inzibati protokol tərtib olunub, digər qisminə isə son xəbərdarlıq edilib. Avtomobillərində qadağan olunmuş konstruksiya dəyişikliklərindən istifadə edən, ötmə qaydalarına məhəl qoymayan, sürücülük vəsiqəsi olmadan maşın idarə edən sürücülər aşkarlanıb. Onlarla yol polisi arasında maraqlı dialoqlar yaşanıb. Qayda pozucuları müxtəlif bəhanələrlə hüquqi tədbirlərdən yayınmağa çalışıb. Bəziləri mühərriki yeni təmir etdiyini, bəziləri əksinə, səhlənkarlıqla yanaşdığını, imkansızlıq səbəbindən ona güzəşt edilməsini, yaxud ilk dəfə Mingəçevirə qonaq gəldiyi üçün bağışlanmasını xahiş edib. Hətta reydi müşahidə edən media nümayəndələrinə çəkiliş apardıqları üçün etiraz edənlər də olub. Bölmə rəisi Cəmşid Abbasov bugünkü reyd də daxil olmaqla ümumən aylıq ərzində sürücülərə qarşı əvvəllərlə müqayisədə daha humanist münasibət göstərdiklərini bildirib: “Ay ərzində 100-ə qədər avtomobil saxlanılıb və onlardan yalnız 50-yə qədər qayda pozucusu olan sürücüyə qarşı tərəfimizdən inzibati protokollar tərtib olunub. Əksər sürücülərin sırf humanist vətəndaş duyğuları baxımından müraciətlərini anlayışla qarşılayaraq yalnız xəbərdarlıqla keçinmişik”. Qeyd edək ki, reyd zamanı həmçinin yükdaşıma qaydalarına əməl etməyən avtomobillər saxlanılıb, bəzi minik maşınları isə sürücülük vəsiqəsi olmadan idarə olunduğu üçün cərimə meydançasına göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR