Milyonçuya çevrilən daşyonanın heykəli tuncdan yonulacaq - BAKININ MƏRKƏZİNDƏ

Xalq rəssamı Xanlar Əhmədovun illərlə çəkdiyi əziyyət, nəhayət ki, öz bəhrəsini verdi. Hacı Zeynalabdin Tağıyevin paytaxtda qoyulacaq heykəli üçün onun təqdim etdiyi eskiz 26 layihə arasında qalib olub. Heykəltəraş deyir ki, 10 il əvvəl Azərbaycanın dahi şəxsiyyətlərinin heykəlindən ibarət bir sərgi keçirmək istəyib. O, sərgi üçün general Əliağa Şıxlınski və Səmədbəy Mehmandarovun heykəlləri ilə yanaşı, Hacı Zeynalabdin Tağıyevin də heykəlini hazırlayıb. İllər keçdi, amma heykəltəraş bu arzusunu gerçəkləşdirə bilmədi. Xanlar Əhmədov deyir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinin elan olunduğunu eşidəndə çox sevinib. Müsabiqəyə 3 böyük əsərlə çıxan xalq rəssamı bu heykəl üzərində işləyərkən ağlına da gəlməzdi ki, bir zaman onun yaratdığı heykəl paytaxt Bakını bəzəyəcək: “Müsabiqədə mənim üç əl işim vardı. Bunlardan biri Tağıyevin faytonda əyləşmiş, biri ayaq üstə, digəri isə oturmuş vəziyyətdə hazırlanmışdı. Bu üç işin içərisində ayaq üstə variantı qalib oldu. Qərara gəldim ki, heykəlin pyedestalı 3 barelyefdə hazırlanacaq, onun həyat və fəaliyyətini özündə əks etdirəcək”. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinin İstiqlaliyyət küçəsində, metronun “İçərişəhər” stansiyasının qarşısında qoyulması planlaşdırılır. Abidənin nə zaman qoyulacağına gəlincə, müəllif deyir ki, hələlik layihə eskiz səviyyəsindədir: “Heykəl özü tuncdan, postament isə qara qranitlə qırmızı qranitin qarışığından olacaq. Əgər heykəlin yeri dəyişməsə, ölçüsü 3-3,5 metr, pyedestal isə 1-1,5 metr hündürlükdə olacaq. Yəni əzəmətli bir iş alına bilər”. Qeyd edək ki, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. 2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam fəxri adına, 2006-cı ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə xalq rəssamı fəxri adına layiq görülüb. O, dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR